XIX əsin sonu – XX əsrin əvvəllərində Azərbaycanda milli maarifçi fikrin oyanışı və formalaşması istiqamətində önəmli addımlar atılıb. Həmin dövrdə maarif və mədəniyyətin inkişafı sahəsində xidmətləri olmuş ziyalılarımızdan biri də Həbib bəy Mahmudbəyovdur. Bu il böyük maarif xadiminin anadan olmasının 160 illiyidir.

Həbib bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində dünyaya göz açıb. Əvvəlcə məhəlli molla məktəbinə gedib, sonra şəhər məktəbində təhsilini davam etdirib. 1872-ci il zəlzələsində şəhər məktəbinin binası dağılır. Həbib bəy Bakıya gəlir və realnı məktəbə qəbul olunur. Bu məktəbdə altıncı sinfədək oxuyur. 1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə Tiflis şəhərinə gedir. Hər ikisi Aleksandrov Müəllimlər İnstitutuna daxil olurlar. Təhsillərini başa vurub vətənə dönürlər. Onlar ölkəmizdə maarifçilik hərəkatına öz töhfələrini vermək üçün səylərini birləşdirirlər. 1887-ci ildə Bakıda ilk özəl rus-müsəlman məktəbini açırlar. Bu, o dövr üçün böyük mədəni hadisə idi.

Böyük maarifçi, pedaqoq Firidun bəy Köçərli vaxtilə yazırdı: “Bu vaxtlarda (1891) Qafqazda maarif müdiri olan Yanovski Sultanməcid Qənizadə ilə Həbib bəy Mahmudbəyovun təzə qayda ilə açdıqları məktəbləri ziyarət edib. Həm şagirdlərin oxumasından, həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalıb. O, sonralar bu məktəbi hər yerdə vəsf edib”.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Nərmin Bağırova araşdırmasında yazır ki, 1891-ci ildə Bakı camaatından 150 nəfər şəhər dumasına ərizə ilə müraciət edərək bu məktəblərin sayının artırılması və dövlət xərcinə keçirilməsi tələbini irəli sürürlər. Şəhər camaatının tələbi əsasında həmin il dövlət hesabına Rus-Azərbaycan məktəbinin bazası əsasında iki yeni məktəb açılır. Birinci məktəbə 35, ikinci məktəbə isə 45 şagird qəbul olunur. H.Mahmudbəyov birinci, S.Qənizadə isə ikinci məktəbin müdiri təyin olunur...

Sonralar Rus-Azərbaycan məktəbində S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, Həmidə Behbudova kimi müəllimlər dərs deyirlər. Bu təhsil ocaqlarından şagirdlərin hərtərəfli inkişafına diqqət yetirilir, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün addımlar atılırdı. Bu mənada folklorşünas Əbülqasım Hüseynzadənin bir xatirəsi maraq doğurur: “Həbib bəy Mahmudbəyovu 15 yaşımdan tanıyıram. Mən o vaxt “rus-tatar” məktəbində oxuyurdum. Məktəbin direktoru Həbib bəy Mahmudbəyov idi. O, üzügülər, itibaxışlı və nurlu bir şəxs idi. Seyid Hüseynlə oxuyurdum. Bir gün Həbib bəyin təşəbbüsü ilə məktəbdə yaradılmış teatr truppasına üzv yazıldıq. Mən ədəbiyyata və teatra çox həvəs göstərirdim. Bunu Həbib bəy Mahmudbəyov hiss etmişdi. Ona görə də mənə müxtəlif rollar verirdi”.

1914-cü ildə Həbib bəy Mahmudbəyovun məktəbinin 25 illik yubileyi qeyd olunur. Bu münasibətlə o, hökumət tərəfindən təşəkkürnamə ilə təltif edilir. Eyni zamanda görkəmli maarifçi Haşım bəy Vəzirov tərəfindən “Bakıdakı rusi-müsəlmani məktəblərin iyirmi beş illik yubileyi münasibətilə” adlı kitabça da nəşr etdirilir.

Həbib bəy geniş ictimai maarifçilik fəaliyyəti ilə məşğul olurdu. O, Bakı Şəhər Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin I qurultayının (1906) keçirilməsində yaxından iştirak etmişdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Həbib bəy Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasında fəallıq göstərir. Qabaqcıl maarif xadimləri F.Rzabəyli və Ə.Cəfərovla birlikdə Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında da köməyini əsirgəmir. Həmin institutda uzun illər direktor müavini olur, eyni zamanda rus dili və ədəbiyyatını tədris edir. Təhsilin hərtərəfli inkişafı üçün gecə kurslarının da fəaliyyət göstərməsinə nail olur.

Həbib bəy təkcə məktəb işi ilə məşğul olmurdu, o, maarifçiliyi həm də mədəniyyət, sənət faktı kimi qəbul edirdi. Azərbaycanda realist aktyor məktəbinin banisi, tanınmış teatr xadimi Cahangir Zeynalovla birgə tamaşa hazırlamaq istəyir. Əsas heyəti müəyyən etsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. O, epizodik rollara öz şagirdlərini cəlb edir. Bu şagirdlər sırasında sonradan görkəmli  səhnə fədaisi olacaq Hüseyn Xələfov (Ərəblinski) da vardı. Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Ancaq Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Ancaq bu, tamaşanın ümumi tempini pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar, nəzərə çarpmırmış. Həbib bəy ona ürək-dirək verir, səhnədən, sənətdən soyumasına imkan yaratmır.

Böyük maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyov 1928-ci ildə Bakıda vəfat edib. Ölümündən sonra adı əbədiləşdirilir. Bakıdakı 2 nömrəli Texniki-humanitar elmlər liseyinə onun adı verilir.

Savalan Fərəcov