Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – RİMM) Azərbaycan Rəssamlar İttifaqının üzvü Elina Lobodenkonun fərdi sərgisi açılıb.

Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil edilən tədbirdə rəssamın 24 əsəri təqdim olunub.

Bakıdakı Rus Evi rəhbərinin müavini Dmitri Yeqorov, tədbirin kuratoru, BMA-nın baş müəllimi Alyona İnyakina qonaqların qarşısında çıxış ediblər.

Tədbirin bədii hissəsində Alyona İnyakina, beynəlxalq müsabiqələr laureatları – BMA-nın baş müəllimi Lalə Muxtarova və konsertmeyster Dilarə Kərimova, Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Elyara Əliyeva, Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun iştirakı ilə musiqi proqramı təqdim olunub.

Elina Lobodenko Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində rəssam işləyir. Əsərlərində abstraksiyaya meyillidir, çəkdiyi rəsmlər hər zaman xətlər, rənglər və həndəsi formalar xaosunda ritmik harmoniya axtarışıdır.