“Qatarın altına atılan qadın”

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Xalq yazıçısı  Afaq Məsudun “Qatarın altına atılan qadın” əsəri əsasında hazırlanan  tamaşanın premyerası olub.

Fevralın 10-da təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Əlisahib Cəlil, quruluşçu rəssamı Səyyad Bayramov, rejissor assistenti Behruz Haxverdiyevdir. Dram janrlı tamaşada rolları Azərbaycanın Əməkdar artistləri Nazlı Hüseynquliyeva, Əli Əliyev, Behruz Haxverdiyev və başqaları oynayırlar.

Tamaşanın qəhrəmanı həyatını sənətə qurban verən, amma illər keçdikcə “zəmanə uşaqları” tərəfindən səhnədən vağzala sıxışdırılan aktrisa Gültəkin Sarabskayadır. O bəzi səhnə geyimlərini, vaxtilə oynadığı pyeslərin yer aldığı kitabları götürüb gəlib vağzala. Tamaşaçı vağzalla səhnəni eyni məkanda görür. Burada vağzal həm də həyatla ölüm arasında bir sərhədə bənzəyir. Vağzaldakı bir səfil Gültəkin Sarabskayanın bu sərhədi keçməsinə mane olur. O, sevimli aktrisasını tanıyır, ağlına gələn pyeslərdən, obrazlardan danışır və onu qaytarmaqla ovutmağa çalışır.

Tamaşa bu iki şəxsin dialoqları üzərində qurulub. Əslində, bu səfil də sıradan biri deyil. O özü də həyat və sənət sınaqlarında uduzan dramaturqdur...