Fevralın 14-də Gəncə Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” dramı əsasında tamaşanın premyerası keçirilib.

Premyeranı izləyənlər arasında şəhərin icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop da olub.

Teatrın baş rejissoru Elşad Əhmədov quruluş verdiyi tamaşada əsərə xas magik realizmi ön planda saxlamağa çalışıb. Əsər nəfsinə məğlub olmuş Qurban, Hafizə xanım, Pəri, Səlimə kimi insanların taleyindən bəhs edir. Qəhrəmanlar tapdalanmış qürurlarını təmin etmək üçün ən alçaldıcı əməllərə də rahatlıqla əl atır və bəlalara uğrayaraq məhv olurlar...

Səhnə işində əsas rolları Əməkdar artistlər Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova, Sevinc Hüseynova, Ruslan Hüseynov, Emil Salmanov və Elmir Məmmədov ifa edirlər. Birhissəli tamaşanın quruluşçu rəssamı Mirzə Mehdi, xoreoqrafı Zeynəb Hüseynova, musiqi tərtibatçısı Ziyad Abbasovdur.