Teatr sənəti üzrə tanınmış rusiyalı pedaqoq və aktyorlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçəcəklər.

Ustad dərsləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın Aleksandrinski Teatrı (Sankt-Peterburq), Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə “Aleksandrinski Teatr Məktəbi” təhsil layihəsi çərçivəsində reallaşacaq.

Layihə RF Mədəniyyət Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovun rəhbərliyi ilə keçiriləcək.

Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə əyani üçgünlük intensiv proqramdan ibarətdir. “Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir. Hər iki istiqamət üzrə ustad dərsləri Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Dövlət Səhnə Sənətləri İnstitutunun müəllimləri, həmçinin Aleksandrinski Teatrının mütəxəssisləri tərəfindən aparılacaq.

“Müasir milli teatrda idarəetmənin əsasları” proqramı üzrə 35 dinləyici nəzəriyyəni öyrənəcək və paralel olaraq 5-6 komandaya bölünərək ekspertlərin dəstəyi ilə öz yaradıcılıq layihələrini inkişaf etdirəcəklər. Daha sonra komandalar ekspertlərin qarşısında layihələrini müdafiə edib şəhadətnamə alacaqlar.

“Müasir kontekstdə fəaliyyət” proqramında isə 25 dinləyici nəzəriyyəni öyrənəcək və praktik məşğələlərdə iştirak edəcək. Yekunda onlara proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnamələr təqdim olunacaq.

Layihə çərçivəsində Aleksandrinski Teatrı və Milli Dram Teatrı arasında memorandum imzalanması, “Rus səhnəsinin seçilmiş obrazları” sərgisinin açılışı da nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forum çərçivəsində Aleksandrinski Teatrı ilə qarşılıqlı səfərlərin təşkili, o cümlədən “Milli Teatr Məktəbi” layihəsi çərçivəsində ustad dərsləri ilə bağlı razılıq əldə edilmişdi.