Paytaxtın internat məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin iştirakı ilə “Yer üzünün günəşidir xeyirxahlıq” adlı tədbir keçirilib. Tədbir F.Köçərli adına Respublika Uşaq Kitabxanası, “Liatris Holding” və Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində (BMM) gerçəkləşib.

17 fevral – “Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Günü”nə həsr olunmuş tədbirin qonaqları əvvəlcə BMM-in foyesində sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Milli Məclisin deputatları Ceyhun Məmmədov və Jalə Əhmədova, “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şair Baba Vəziroğlu çıxış ediblər.

Çıxışlarda humanizm, xeyirxahlıq ənənələrinin yaşadılması, Azərbaycanın zəngin mədəni dəyərlərinin gələcək nəsillərə ötürülməsində məktəb və müəllimin rolundan söz açılıb.

Tədbirdə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin, 2 və 5 nömrəli xüsusi internat məktəblərinin, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin şagirdləri konsert proqramı təqdim ediblər. Sonda şagirdlərə kitablar hədiyyə olunub.