Banqladeşin Fransadakı Səfirliyinin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir-sərgi keçirilib.

Təşkilatın mənzil-qərargahında açılan sərgidə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkil etdiyi guşə də maraqla qarşılanıb. Burada Azərbaycan dilində müxtəlifrəngli kitablar, açıqcalar, milli suvenirlər nümayiş olunub.

Tədbirdə UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ana dilinin vacibliyi, eləcə də təhsil haqqında fikrini bölüşüb. Davamlı cəmiyyətlər üçün mədəni və dil müxtəlifliyinin vacibliyi vurğulanıb, sülh naminə başqalarına tolerantlıq və hörməti təşviq edən mədəniyyətlərin, dillərin fərqliliklərini qorumağın önəmi diqqətə çatdırılıb.

Stefania Ciannini, UNESCO-nun İcraiyyə Şurasının, Baş Konfransının sədrləri Azərbaycan stendinə də baxıblar.

Tədbirin mədəni proqramında XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın qəzəlləri səsləndirilib.

UNESCO-da Beynəlxalq Ana Dili Günü konsert proqramı ilə davam edib.  Tədbirdə Azərbaycan da daxil olmaqla 20-yə yaxın ölkə iştirak edib.

Xatırladaq ki, Beynəlxalq Ana Dili Günü UNESCO tərəfindən 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə elan edilib. Bu günün tarixi 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan (o vaxt Banqladeş Pakistanın tərkibində idi) dörd tələbənin öldürülməsi ilə bağlıdır. Həmin hadisəni ana dili uğrunda mübarizənin təcəssümü olaraq bəşəriyyətin yaddaşında yaşatmaq üçün bu gün təsis olunub və 2000-ci ildən bütün dünyada qeyd edilir.