Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi təşkil edilib.

Sərgidə tanınmış gənc rəssam, pedaqoq Təhminə Əlinin 30-a yaxın yetirməsinin əsərləri nümayiş olunur.

Layihə rəhbəri sənətşünas Əli Rəşad bildirib ki, sərgilənən əsərlərdə iki məqam əsas götürülüb: “2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük lokal antiterror tədbirlərindən sonra bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa olundu. Artıq Xocalıda da üçrəngli bayrağımız dalğalanır. Bu sərgidə nümayiş etdirilən əsərlərdə həm faciə, həm də qələbə ruhu, Xocalıya qayıdış sevinci göstərilir”.

Çıxış edən qonaqlar Vətənə məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqda bu kimi sərgilərin əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, bundan sonra rəssamlarımızın mövzuları düşmənin viran qoyduğu yurd yerlərimizə yeni həyatın qayıtmasına həsr olunacaq.

Sonda fərqlənən gənc rəssamlara fəxri fərmanlar təqdim edilib.