Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan musiqi mədəniyyətinə və elminə böyük töhfələr vermiş görkəmli alim və pedaqoq, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun (1943–2023) xatirəsinə həsr olunmuş, onun bir ildir ki, yoxluğunu duyan, həsrətini çəkən sevimli tələbələrinin, məzunlarının konsert-tədbiri tədbiri keçirildi.

Tədbirə BMA-nın və Orta ixtisas musiqi məktəb-studiyasının professor və müəllim heyəti, o cümlədən illər öncə onunla bərabər çalışmış keçmiş həmkarları, habelə təkcə özünün deyil, eyni zamanda digər məktəblərin də müəllim və şagirdləri Tərlan Seyidovu yad etməyə yığışmışdılar.

Sözügedən konsert, Tərlan müəllimin vəfatından sonra keçirilən hər tədbir kimi, çox duyğulu bir ovqat daşıyırdı. Səhnədə qoyulmuş gülərüzlü portreti isə sanki onun hələ də burada, bizim əhatəmizdə olduğunu və tələbələrini dəstəklədiyini göstərirdi...

Konsert proqramı məzmun və forması ilə seçilirdi. Proqramın musiqili-bədii konsepsiyası ustadına olan sayğı, ehtiram və sevgini əks etdirən məzunların ifası ilə yanaşı, həm də Tərlan Seyidova ithaf olunmuş kitab və fotoalbomun da təqdimatını özündə cəmləşdirirdi.

“Tərlan Seyidova ithaf” adlı konsert onun sinfində təhsil almış, hazırda teleradio aparıcısı kimi fəaliyyət göstərən Sevinc Salahovanın xatirələrlə dolu giriş mətni ilə açılır və hər iştirakçı onun təqdimatı ilə səhnəyə dəvət olunurdu.

Səhnəni ilk ifası ilə işıqlandıran T.Seyidovun sevimli, fəxarət hissi ilə təqdir etdiyi, onun hər ifasını dinləyərkən duyğulandığı tələbəsi, mənəvi ata-övlad, ustad-şagird münasibətləri ilə sıx bağlı olan çox istedadlı və təcrübəli, kifayət qədər tanınan, özünəməxsus ifa üslubu ilə seçilən pianoçu Fəqan Həsənli oldu. O, ötən il 150 illik yubileyi qeyd olunan rus musiqisinin simvollarından Sergey Raxmaninovun 5 saylı “Etüd-lövhə”sini səsləndirdi. Fəqanın dərin hissiyyatlı, həyəcan və ehtirasla zəngin ifası dinləyiciləri mövcud məqama köklədi.

Proqramda yer alan ədəbi haşiyə Nigar Həsənzadənin səsləndirdiyi “Tərlan” adlı monoloqla diqqəti cəlb etdi. Bu görkəmli pedaqoqdan dərs almış Nigar Həsənzadə piano ifaçılığı ilə bərabər, aktyorluq və rejissorluq sənətinin nümayəndəsi olaraq məktəb-studiyanın artıq bir neçə tədbirinin iştirakçılarından, həmçinin onların bədii həllinin də müəlliflərindəndir. Dəfələrlə ifasını dinlədiyimiz aktrisa özünəməxsus melanxolik ifa tərzi ilə insanda hüznlü ab-hava yaratmış oldu.

Konsert ifaçı və müəllim Anna İsrafilovanın Əzizə Mustafazadə bəstəsi olan “Şopenin son günü” əsərinin lirik, hissiyyatlı ifası ilə davam etdi.

Tədbirin bu məqamında T.Seyidova həsr olunmuş nəşrlərin –“Tərlan Seyidova ithaf – xatirələr” kitabı və “Fotoalbom”un təqdim edildi.  

T.Seyidov musiqi mədəniyyətimizin inkişafı istiqamətində gördüyü işlər, elm və incəsənətdə etdiyi nailiyyətlər haqqında çox yazılıb, çox danışılıb. Onun vəfatından sonra nəşr olunmuş “Xatirələr” kitabında adlı-sanlı elm və incəsənət xadimləri, alim və musiqişünasların, sənət dostlarının və həmkarlarının, tələbə və əməkdaşlarının ürək sözləri, böyük sayğı və hörmət hissləri ilə əksini tapmışdır.

Təqdimatda çıxış edən Orta ixtisas musiqi məktəb-studiyasının rəhbəri və T.Seyidovun “sağ əli”, onun sadiq həmkarı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Sevda Məmmədova Tərlan müəllim haqqında xatirələrini bölüşdü, kitabın və fotoalbomun ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirdi. Qeyd edək ki, fotoalbomda yer almış bütün şəkillər məhz T.Seyidovun özü tərəfindən seçilmişdir. Sevda xanım öz dolğun və mənalı nitqini doğma məktəb-studiyaya T.Seyidovun adının verilməsi barəsində arzusunu səsləndirərək tamamladı.

Yenidən ifalara keçid alaraq bu dəfə onun daha bir məzunu pianoçu, bəstəkar və müəllim Nuranə Zeynalovanın ifasında F.Şopenin c-moll noktürnünü dinlədik. Düşündürücü, dərin kədər hissini təcəssüm etdirən bu ifa konsertin, demək olar ki, ən geniş nömrələrindən biri idi.

Bəstəkar və pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Sevda Məmmədli öz müəllimi, onun musiqi müqəddəratındakı rolu haqqında nitq söyləyərək ardından müəllifi olduğu “Xatirələr” əsərinin ifası ilə konsertdə həzin atmosfer yaratdı.

Proqramın gedişatı boyu hər ifa və çıxış ekranda vizual görüntülərlə müşayiət olunurdu.

Ardıcıl olaraq maraqlı və təsirli ifalar təqdim edildi: Elmar Hüseynov qəmli, kövrək əhvalda V.Mustafazadənin “Tənhalıq”, Səriyyə İsayeva düşüncəli şəkildə S.Raxmaninovun “Musiqi anı”, Firuzə Nəcəfli-Qədimalıyeva incə, emosional və işıqlı ovqatda Rafiq Babayevin iki prelüdünü, Nigar Hüseynzadə fikirli əhvalda F.Şopenin 14 nömrəli f moll etüdünü, Tamara Nəhmədova özünün cəsarət və pafoslu ifa tərzində S.Raxmaninovun 1 nömrəli “Etüd-lövhə”, Gülnar Qəmbərli kədərli xarakterdə Q.Qarayevin “Çar kəndinin heykəli” kimi əsərlərini səsləndirərək ustadın əziz xatirəsini yad etdilər.

Son olaraq bəstəkar-pianoçu Sevda Məmmədlinin “Vətən uğrunda” adlı uvertürası müəllifin və pianoçu-pedaqoq Sevda Məmmədovanın hərarətli birgə ifalarında təqdim edilərək “Tərlan Seyidova ithaf” konsertinin konseptinə xüsusi simvolik bir məna verdi.

Alınan təəssüratların dinləyicilər və ifaçıların qəlbində, əlbəttə, bir iz qoyacağını düşünürəm. Ona görə ki, bu, mürşidinə uca baxan vəfalı şəyirdlərin ürək sözlərinin bir ifadəsi idi.

Bu məqamda Cəlil Məmmədquluzadənin belə bir kəlamı yada düşür: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur”.  Həmin mənada, Tərlan müəllim həyatda məqsədə çatmış hesab olunur, çünki özündən sonra onun adını yaşadanlar var. Yazımın sonunda onun tələbələrinin dilindən səslənirəm: “İşıqlı xatirəniz əbədi yaşasın, Ustad!”

Vəfa Həmidova
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi, musiqişünas