Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertləri davam edir.

Fevral ayının konsertləri filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında gerçəkləşib.

Fevralın 3-də gənc istedadların iştirakı ilə konsert təşkil olunub. Solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Ayxan Quluzadə, Abid Çələbiyev, Zəhra Sadıxova, Nurgün Abdulova, Aişə Əlizadə, Fatimə Hüseynzadə, Tomris Eyvazlı, Mehin Zalıyeva, Yasəmən Umudova, Ayşən Umudova, Fərəh Əliyeva, Vəli Vəliyev, İbrahim Abbasov, Nuray Quliyeva, Məryəm Rəhimli, Mələk Mustafazadə, Miray Pirməmmədova, Kamran Rəhimli, Zəhra Məmmədova və “Şəms Qəmər” kamera xoru (bədii rəhbər Leyla Zalıyeva) çıxış ediblər. Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Fevralın 10-da Azərbaycan Dövlət Simli Kvartetinin yerli və xarici bəstəkarların əsərlərindən ibarət konserti olub. Eyni zamanda Əməkdar artist Fəridə Məmmədova dinləyicilər qarşısında çıxış edib.

Fevralın 17-də Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor – Xalq artisti Gülbacı İmanova) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konserti keçirilib. Əməkdar artistlər Anton Ferştandt, Tural Ağasıyev, solistlər Talıb İsgəndərli, Rəşad İbrahimov, Emin Məmmədov, İsmayıl Əsədli, Adil Baxışlı, Emin Qəmərlinski, Leyla Muradzadə rəngarəng proqramla dinləyicilərin könlünü oxşayıblar.

Fevralın 24-də isə Azərbaycan Dövlət Fortepiano Triosunun Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konserti təşkil edilib.

Xatırladaq ki, konsertlərin dinləyicisi olmaq istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.