“İthaf”dan “Ornamentlər”ədək

 

Beynəlxalq Muğam Mərkəzində bəstəkar Rüfət Xəlilovun müəllif konserti keçirilib.

Fevralın 24-də təqdim olunan konsert proqramına bəstəkarın yeni audiovizual kompozisiyası “İthaf”, eləcə də müxtəlif illərdə bəstələdiyi “Məsafələr”, “Ornamentlər” və digər kamera əsərləri daxil edilib.

Konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova müəllif və proqrama daxil edilmiş əsərlər haqqında məlumat verib. Bildirib ki, Rüfət Xəlilov 1993-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fortepiano ixtisası üzrə bitirib. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq (İsmayıl Hacıbəyovun sinfi) və fortepiano şöbəsinə (Həqiqət Məhərrəmovanın sinfi) daxil olub. 1999-cu ildə magistraturada təhsilini bəstəkarlıq üzrə İ.Hacıbəyovun, orkestrləşdirmə fənnində Fərəc Qarayevin sinfini bitirib. Həmçinin Alman Akademik Mübadilə Mərkəzinin (DAAD)  təqaüdçüsü olub, bu ölkədə təhsilini davam etdirib.

İnstrumental, kamera-instrumental və simfonik əsərlərin müəllifi olan Rüfət Xəlilovun 2009-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə yazılmış simfonik rapsodiyası mükafata layiq görülüb. Avropa ölkələrində, o cümlədən Sofiya (Bolqarıstan), Obersdorf (Almaniya), Cenon (Fransa) şəhərlərində müasir üslubda yazılmış solo və kamera əsərləri səsləndirilib.

Daha sonra müəllifin əsərlərindən ibarət konsert proqramı başlanıb.

“İthaf” audiovizual kompozisiyası Vətən müharibəsi şəhidlərinə həsr olunub. Bəstəkarın 2004-cü ildə bəstələdiyi “Fortepiano üçün sonatina” isə dahi bəstəkar Üzeyir Hacıbəyliyə ithaf edilib. Əsər 2009-cu  ildə ABŞ-də keçirilən fortepiano üçün əsərlər müsabiqəsində ikinci yerə layiq görülüb. “Məsafələr” əsərinin adı da birmənalı deyil. Burada məsafə yadlaşma, uzaqlaşma anlayışını bildirir. Piano və rəqəmsal səslər üçün əsər 2023-cü ildə yazılıb və ilk dəfə bu konsertdə səslənib. Müəllifin dediyinə görə, əsərin ideyası uzun müddət boşluqdan yaranan sakitlikdir. Onu yay aylarında Aralıq dənizində səyahət gəmisində dəniz ləpələrini seyr edərkən yazıb.

“Həyatın mənasının axtarışında” (2020) altıhissəli bir ifaçı üçün musiqili-səhnə əsəridir. İdeya və süjeti bəstəkara məxsusdur. Bu əsəri bəstəkar Erix Fromun “Azadlıqdan qaçış” kitabını oxuduqdan sonra yazmağa başlayıb. Əsər koronavirus pandemiyası zamanı yazılıb.

Müəllifin “Ornamentlər”i isə simli kvartet üçün yazılmış birhissəli əsərdir. Bu kvartet 2014-cü ildə yazılsa da, əsərin texniki çətinliyinə görə ifası mümkün olmayıb. Əsər ilk dəfə bu konsertdə ifa olunub.

Konsertdə əsərləri Səidə Tağızadə (piano), Əməkdar artist Əyyub Əliyev (violonçel), simli kvartetdə Ümid Mustafazadə (violin), Fatimə Nəsirli (violin), Üzeyir Mahmudbəyli (viola) və Əsmər Kərimli (cello) ifa edib.

Lalə