Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran rayon Mansur Əbilov adına Şağlaküçə kənd tam orta məktəbi ilə birgə “Tariximiz qürurumuzdur!” layihəsi çərçivəsində “Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir!” adlı tədbir keçirilib.

Tədbir 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Elsevər Qardaşzadənin doğum gününə həsr edilib.

Əvvəlcə qonaqlar mərkəzin foyesində şəhidin şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə tanış olublar.

Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Elsevər Qardaşzadənin mərkəzin rəsm studiyasında yağlı boya ilə çəkilmiş portretini şəhidin ailə üzvlərinə təqdim edib. Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bədii hissədə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya və şəhidin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.

***

“Zəfərin kölgəsi – Şəki” adlı layihə çərçivəsində Şəki şəhidlərinin şüşə üzərində kölgə effektli portretlərinin nümayişi və şəhid ailələrinə təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib.

Şəkidəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə layihənin rəhbəri Elmar Məmmədzadə şəhidlərin şüşə üzərində həkk edilmiş portretlərini onların ailə üzvlərinə təqdim edib.

Şəhidlərin ailə üzvləri çıxış edərək layihənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Layihəyə dəstək olan qurumların nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.

***

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, şəhər və rayon İcra hakimiyyətlərinin birgə əməkdaşlığı ilə B.Kəngərli adına sərgi salonunda Naxçıvan şəhidlərinə ithaf olunmuş “Qəhrəmanlar unudulmur!” devizi altında portret sərgisi keçirilib.

Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Əməkdar rəssam Ülviyyə Həmzəyeva açılış nitqi söyləyib. Şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov şəhid ailələri adından çıxış edib.

Sonra şəhid övladının şeiri dinlənilib və birliyin əməkdaşları tərəfindən hazırlanmış videoçarx izlənilib. Sonda sərgiyə baxış olub və əsərlərin təqdimatı keçirilib. Ekspozisiyada 25 rəssamın 69 əsəri nümayiş olunub.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzində yerli yazar, uzun illər rayon MKS-nin direktoru olmuş Gülniyar Qurbanqızının “Vətən fədailəri – II” kitabının təqdimatı keçirilib.

Müəllif kitab haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, kitabda 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun göstərdiyi böyük şücaətdən, qazanılan tarixi Qələbədən, Aprel döyüşlərində, eləcə də Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatları zamanı canını, qanını əsirgəməyən zaqatalalı şəhidlərdən, müharibə iştirakçıları və qazilərdən bəhs edilir. Şəhid ailələrinin üzvləri və digər çıxış edənlər şəhidlər haqqında yazılan kitabların əhəmiyyətindən danışıb, nəşrin müəllifinə minnətdarlığını bildiriblər.

Nurəddin Məmmədli