ABŞ-də yaşayan bəstəkar, saksofon ifaçısı və cazmen Zülfüqar Bağırov tanınmış türkiyəli gitara ifaçısı Koray Ergünay ilə birlikdə “Live@Rhizome DC” adlı albom yazdırıb.

Vaşinqtonda buraxılmış disk barədə Azərbaycan telekanallarından birinə danışan Zülfüqar Bağırov yaradıcılıq tandemi barədə belə deyib: “Korayı keçən ildən tanıyıram. Onunla caz cem-seyşnlərdə rastlaşanda anladıq ki, bizim ifalarımız, musiqimiz bir-biri ilə söhbət edir. Mən də sərbəst improvizasiya üslubunda ifa edirəm, Koray da. Üstəlik, mən bir neçə il Türkiyədə yaşayıb təhsil almışam. Yəni həm həyatda, həm də ifaçılıqda ümumi cəhətlərimiz çoxdur.

Zülfüqar Bağırov iki Azərbaycan bəstəkarı – Qara Qarayev və Zakir Bağırovun nəvəsi, dirijor Elşad Bağırovun oğludur. 2000-ci ildən bəri ABŞ-də yaşayır. Soydaşımız Amerikada, Kanadada, Avropada caz konsert və festivallarında çıxışlar edir. O, Azərbaycanda xüsusilə Qara Qarayevin xatirəsinə həsr etdiyi “QaraBağ: ZulfiqaRenatuS” albomu ilə tanınıb. Həmin albomda portuqaliyalı pianoçu Renato Diz ilə birlikdə Azərbaycan klassik musiqisi nümunələrini müasir üslubda və improvizasiyada ifa edib.