Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. 2023-cü ilin yanvarında dərcinə başladığımız və son bölümünü təqdim etdiyimiz illərin xronikasından seçmələr bunun sübutudur...

(əvvəli ötən sayımızda)

 

2003-cü il 20 mart

 

Prezident Heydər Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edib.

 

2003-cü il 29 mart

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında aparılan təmir-bərpa işlərinin gedişi ilə tanış olub. Binada milli memarlıq üslublarının qorunub saxlanılması işlərinə xüsusi diqqət yetirib.

 

2003-cü il 18 aprel

 

Prezident Sarayında “Qara nişanə” bədii filminin yaradıcı kollektivini qəbul edib. Görüşdə məlumat verilib ki, rejissor Vaqif Mustаfаyеvin çəkdiyi film Sovet İttifaqının son illərində keçmiş müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda baş verən tarixi hadisələr haqqındadır. Heydər Əliyev filmdə bir sıra ölkələrin artistlərinin yer almasından məmnunluğunu bildirib.

 

2003-cü il 21 aprel

 

Respublika Sarayında Cəmşid Naxçıvanski adına Hərbi liseyin 30 illiyinə həsr olunmuş təntənəli mərasimidə nitq söyləyən zaman səhhəti anidən pisləşib. Bununla belə, o, yenidən səhnəyə qayıdıb və nitqini tamamlayıb. Bu, Heydər Əliyevin geniş auditoriya qarşısında son nitqi idi.

May ayının 4-dən 12-dək Heydər Əliyev Ankarada, “Gülhanə” Hərbi Tibb Akademiyasında müalicə kursu keçib.

 

2003-cü il 23 may

 

Yazıçı-publisist Elmira Axundovaya yubileyi (50 yaş) münasibətilə təbrik ünvanlayıb.

 

2003-cü il 27 may

 

Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə Azərbaycan xalqına müraciət edib. Müraciətdən sitat:

“...Biz Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik...”.

 

2003-cü il 29 may

 

Azərbaycan ədəbiyyatının inkişafindakı böyük xidmətlərinə görə Elçin Əfəndiyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Xalq yazıçısını 60 illik yubileyi münasibətilə təbrik edib.

 

2003-cü il 16 iyun

 

Prezident Sarayında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Ömər Eldarovu qəbul edib. Akademiyanın binasında yenidənqurma işləri ilə bağlı əlavə vəsaitin ayrılması barədə tapşırıq verib.

 

2003-cü il 21 iyun

 

Mədəniyyət siyasəti üzrə milli debatların iştirakçılarına müraciət ünvanlayıb. Sitat: “İnanıram ki, milli debatlar ölkəmizdə mədəniyyət siyasətinə dair strateji planların işlənib hazırlanmasına, bu sahədə dövlət və qeyri-hökumət təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinin təkmilləşdirilməsinə səmərəli təsir göstərəcəkdir”.

 

2003-cü il 5 iyul

 

Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olan Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayev) 110 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Xanlar (indiki Göygöl) rayonundakı musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib.

Səhnə fəaliyyəti ilə bağlı incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Tamara Sinyavskayanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. T.Sinyavskayanı 60 illik yubileyi münasibətilə təbrik edib.

 

2003-cü il 8 iyul

 

“Gülhanə” Hərbi Tibb Akademiyasında müayinədən keçmək üçün Ankaraya yola düşüb.

 

2003-cü il 6 avqust

 

Müalicəsini davam etdirmək üçün Ankaradan ABŞ-nin Klivlend şəhərinə gedib.

***

Avqust – oktyabr aylarında yubileyləri münasibətilə mədəniyyət, ədəbiyyat xadimlərinə Heydər Əliyevin təbrik məktubları göndərilib: Xalq artisti Yuli Qusman (4 avqust); Əməkdar incəsənət xadimi Vaqif Mustafayev (27 avqust); Dağıstanın Xalq şairi Rəsul Həmzətov (8 sentyabr); Xalq artisti Arif Məlikov (12 sentyabr); Turan xanım Cavid (1 oktyabr); Xalq şairi Məmməd Araz (13 oktyabr).

 

2003-cü il 1 oktyabr

 

Azərbaycan xalqına müraciətində 15 oktyabr prezident seçkilərində iştirak edə bilməyəcəyini və namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edib. Müraciətdən sitat: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm...”.

 

2003-cü il 12 dekabr

 

Heydər Əliyev Klivlend klinikasında vəfat edib.

 

2003-cü il 15 dekabr

 

Respublika Sarayında Heydər Əliyevlə vida mərasimi keçirilib. Heydər Əliyev Fəxri xiyabanda dəfn olunub. Ruhu şad olsun...

Hazırladı: Vüqar Orxan

(son)