Otuzillik işğaldan azad edilmiş ərazilərimizdə bu gün Ermənistan silahlı qüvvələrinin vandallığının izlərini açıq-aydın görmək mümkündür. Onlar işğal etdikləri ərazilərdə bu müddət ərzində bütün mədəniyyət abidələrini, qəbirləri, evləri, məscidləri dağıtmış, təbiətə ciddi zərər vurmuş, tərk etdikləri ərazilərə isə minalar döşəmişlər.

Bu kütləvi vandalizm aktları Ermənistandakı etnik psixoloji vəziyyəti özündə ehtiva edir. Məkrli qonşularımızın işğal illərində əzəli torpaqlarımızda erməni arxitekturası əsasında inşa etdikləri binalar da onların həmin ərazilərə sahib çıxmaq niyyətini əks etdirir.

Xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi iki bina da bunun bariz nümunəsi idi. Artıq əzəli sahiblərinə qayıdan Xankəndi xunta rejiminin binalarından da təmizlənir.

Xankəndidə işğalçılıq simvolu olmuş belə tikililərdən biri separatçı xunta rejiminin 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı “parlament” binasıdır. Üçmərtəbəli binada qondarma rejimin 33 “deputat”ı fəaliyyət göstərdikləri dövrdə separatçıların mənfur siyasətini dəstəkləyiblər. Separatçı rejimin və onun qondarma təsisatlarının tarixin küllüyünə göndərilməsindən sonra bu tikilinin aqibəti daş-beton parçaları şəklində zibilliyə atılmaq olmalıdır.

Azərbaycan ərazisində ikinci erməni dövləti qurmaq istəyən xunta rejiminin rəhbərləri 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində bir-bir həbs olundular. İndi isə onların səpdikləri separatizm toxumları məhv edilir.

Mənfur düşmənin daha bir tikilisi – üstdən baxdıqda xaç formasında inşa edilmiş “veteranlar” binasının da sökülməsi işlərinə başlanılıb. Hansı veterandan söhbət gedir, buna Ermənistan rəhbərliyi cavab verməlidir. Lakin onlara bir daha xatırlatmaq lazımdır ki, həyasızcasına başqa dövlətin ərazisinə soxulub, orada kütləvi qırğınlar, vandalizm aktları törədən, separatizm siyasəti həyata keçirənlərə hansı üzlə veteran adı veriblər?! Artıq illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə onların qanun qarşısında cavab vermək zamanıdır...

Ulularımızın bina etdiyi, tarixi yurd yerimiz Xankəndi qarşıdakı Novruza – yeni günə, yeni ilə otuzillik işğalın kir-pasından, xuntaçı daşqalağından da təmizlənərək gedir...