10 Mart – Milli Teatr Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "İki küpəgirən qarı" musiqili nağıl-tamaşası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, həm ana dilimizdə, həm də rus dilində hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əhəd Hacıyevdir.

Rəngarəng işıq effektləri, şən musiqi sədaları altında macəra dolu nağıl qəhrəmanları Dunya, Fyodr, Küpəgirən qarı, Koşşey, gözəl Yelena, üçbaşlı əjdaha teatrsevərlərə unudulmaz xoş anlar yaşadacaq.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

Rol bölgüsünə əsasən, səhnə əsərində Əməkdar artist Səidə Şərifəliyeva, aktyorlar Nicat Əli, Yuliya Heydərova, Valeriya İskəndərova, Olqa Georgiyeva, Adelin Öztürk, Rauf Babayev, Leonid Klets, Ayan Qurbanova, Murad Əliyev və balet artistləri iştirak edəcəklər.

Dostluq, sevgi, cəsarət kimi gözəl mənəvi keyfiyyətlərin vacibliyinin ön plana çəkildiyi, gözlənilməz hadisələrin cərəyan etdiyi tamaşada mənfi xarakterli məşhur nağıl personajları tamamilə fərqli təqdim olunacaq.