Görkəmli sənətkarların rol aldığı filmlər nümayiş olunacaq

 

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə “Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” adlı layihəyə başlanılıb.

Layihənin məqsədi milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.

Layihə çərçivəsində il ərzində Nizami Kino Mərkəzində görkəmli kino xadimlərinin iştirakı ilə ərsəyə gətirilmiş Azərbaycan filmlərinin mütəmadi nümayişi təşkil ediləcək. Hər ay bir sənətkarın yaradıcılığı əhatə olunacaq.

Mart ayına nəzərdə tutulan proqramda Xalq artisti, unudulmaz müğənni və aktyor Mirzə Babayevin rol aldığı filmlər nümayiş etdiriləcək.

Aprel ayında isə görkəmli aktyor, Xalq artisti Həsən Məmmədovun çəkildiyi filmlər kinosevərlərə təqdim olunacaq.

Filmlərin nümayiş tarixi və vaxtı haqqında əlavə məlumat veriləcək.