Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Debüt” studiyasında çəkilmiş “İki gün” və “Mozalan” studiyasında istehsal olunan “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmləri martın 6-dan 10-dək Finlandiyada keçirilən 54-cü Tampere Beynəlxalq Film Festivalında iştirak edir.

Nazirliyin keçirdiyi “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olaraq ərsəyə gələn və 44 günlük Vətən müharibəsinə həsr edilmiş filmlərdən “İki gün” Tampere festivalının əsas müsabiqə proqramında, “İkinci planetin qırmızı rəngi” filmi isə “Cənubi Qafqaz nümayişləri” proqramında yer alıb.

Mələk Bayramlı və Təranə Vəliyevanın rol aldığı “İki gün” filminin quruluşçu rejissoru Teymur Qəmbərov, prodüserləri Orxan Abbasov və Lika Qavrişdir.

“İkinci planetin qırmızı rəngi” filminin ssenari müəllifi və quruluşçu rejissoru Azər Quliyev, prodüseri Əli-Səttar Quliyevdir. Filmdə əsas rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə və Əli Nəsib çəkiliblər.