Mənzil-qərargahı Londonda yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) Azərbaycan günü və Novruz bayramı qeyd edilib.

Tədbirdə EBRD-nin prezidenti Odil Reno-Basso bank ilə Azərbaycan arasındakı uğurlu münasibətlərdən, həyata keçirilən layihələrdən danışıb. O, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 tədbirinin uğurlu keçirilməsi üçün Azərbaycan tərəfi ilə yaxın əməkdaşlığın vacibliyini bildirib. Qeyd edək ki, COP29 noyabr ayında Bakıda keçiriləcək.

Daha sonra çıxış edən Qafqaz üzrə Regional direktor Alkis Drakinos genişmiqyaslı nəqliyyat və infrastruktur layihələrinin müvəffəqiyyətlə aparılmasına toxunub.

Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov qarşıdan gələn Novruz bayramı, onun tarixi və ənənələri barədə də bəhs edib, yenilik rəmzi sayılan Novruzun regionda və dünyada yeni dövrün başlanğıcı olacağına dair əminliyini bildirib.

Daha sonra tanınmış skripkaçı Ceyla Seyidovanın ifasında Azərbaycan və dünya klassik musiqisindən nümunələr təqdim edilib.