Azərbaycanlı yazıçı Adil Quliyevin “Qarabağ: çoxdan gözlənilən qayıdış” romanı Rusiyanın Sankt-Peterburq şəhərində çapdan çıxıb.

Uzun illərdir Sankt-Peterburqda yaşayan, sahibkarlıqla məşğul olan Adil Quliyev eyni zamanda yazıçı kimi də tanınır. Müəllifin indiyədək povest və hekayələrdən ibarət “Köhnə fotoşəkil” (2018) və “Qırmızı başmaqlar” (2023) kitabları çap olunub. Rus dilində yazıb-yaradan həmyerlimizin hər iki kitabı Azərbaycan dilinə çevrilərək Bakıda işıq üzü görüb.

“Qarabağ: çoxdan gözlənilən qayıdış” romanında Xocalıdan olan bir neçə yeniyetmənin ağrılı-acılı həyatı fonunda əsrin fəlakətini yaşamış bu şəhərin sakinlərinin məruz qaldıqları vəhşi qətliam səhnələri, bütövlükdə Azərbaycan xalqının 30 illik taleyi inandırıcı bədii boyalarla əks olunub.

Gəncliyindən bəri qürbətdə yaşasa da, doğma Vətənində baş verən hadisələri diqqətlə izləyən yazıçı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun böyük Zəfərindən yaşadığı ölçüyəgəlməz sevinci, qürur hissini sonuncu romanında da əks etdirməyə çalışıb və buna gözəl bir şəkildə nail olub.

Roman müzəffər Ordumuzun Qələbə paradı və Xocalıdan olan gənclərin doğma torpaqda qurulan toy məclisi ilə bitir.