Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın ikinci günündə (9 mart) aralıq sessiyalar təşkil edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusuna həsr olunmuş aralıq sessiyada çıxış edən Misir Baş Müftisinin baş müşaviri Şövki Əllam və Dünya üzrə Fətva Orqanları üzrə Baş Katibliyin katibi İbrahim İbrahim Mahmud Neqm Avropa ölkələrində, xüsusilə Fransada islamofobiya təzahürlərinin getdikcə artmaqda davam etdiyini, bunun nəticələrinin isə uzunmüddətli olacağını deyib. Bildirib ki, islamofobiya müsəlmanlar və İslam ilə bağlı konkret olaraq səhv və dezinformasiyanın nəticəsidir. Saxta dindarlara İslamla bağlı fikirlər yaymasına imkan yaratmaq olmaz.

İslamofobiya ilə mübarizədə monitorinq və müşahidənin önəmindən bəhs edən Mahmud Neqm vurğulayıb: “İlk növbədə, bu cür hadisələrin monitorinqi aparılmalıdır. Güclü administrasiyamız, monitorinq mexanizmlərimiz olmalıdır ki, islamofobiya ilə bağlı bütün hadisələri izləyib təhlil edə bilək.

Din xadimlərinin islamofobiyaya qarşı mübarizə apara bilmələri üçün potensiallarının gücləndirilməsi üçün alətlər yaratmalıyıq. Nüfuzlu universitetlərlə əməkdaşlıq etməliyik ki, islamofobiyaya və nifrət nitqinə tutarlı cavab verə bilək”.

İslamın ləkələnməsi, irqçiliyin, sadəcə, islamofobiya ilə əlaqəli olmadığını deyən Dekolonial Beynəlxalq Şəbəkə Fondunun katibi Sandev Hira bildirib: “Belə halların yaranması Qərb sivilizasiyalarında tarix boyu davam edən kolonializm sistemlərinin parçasıdır. İrqçilik, islamofobiya siyasətindən istifadə edən ölkələrin gələcəyi qaranlıq görünür”

S.Hira Qərb ölkələrində dünyanı koloniya-müstəmləkə qismində idarəetmə sisteminin formalaşdığını vurğulayaraq qeyd edib: “Onların müstəmləkəçilik tarixinə nəzər saldıqda islamofobiyanın yaranma tarixini görəcəyik. Məsələn, İngiltərə Hindistanı işğal etdikdən sonra ilk olaraq onlara xristianlığı məcburi şəkildə qəbul etdirməyə çalışdı. Onlar düşünürlər ki, insanlar dinlərinə, irqlərinə görə müəyyən siniflərə ayrılır. Avropa alimlərinin əsərlərində irqçilik çox açıq şəkildə görünür”.

Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov qeyd edib ki, beynəlxalq təşkilatlar və qurumlar islamofobiyanı pisləyən qərarlar qəbul etsə də, təəssüf ki, bu halın qarşısını almaq mümkün olmur.

D.Muxetdinov BMT-nin İnsan Hüquqları Şurası “Qurani-Kərim”in qəsdən təhqir olunmasını pisləyən qətnamə qəbul etməsinə baxmayaraq, Avropada müqəddəs “Qurani-Kərim”i yandıran şəxslərin cəzalandırılmadığına diqqət çəkib. “Sözsüz ki, bu nümunələr ikili standartların ən bariz göstəricisidir. Çünki Qərb ölkələrinin liberal demokratiya prinsipləri üzərində qurulmuş qanunvericiliyi sözügedən aksiyalara mane olmağa imkan vermir”, - deyə o əlavə edib.

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar müsəlmanlara qarşı nifrət və qərəzin son onilliklər ərzində daha da dərinləşdiyini deyib.

İslamofobiya siyasətinin qurbanları arasında Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların olduğuna diqqət çəkən Ülviyyə Zülfiqar qeyd edib ki, bu ölkədə müsəlmanlara qarşı dini və etnik dözümsüzlüyü dövlət siyasəti kimi təsisatlandırılması tarixi qeydlər və hadisələrlə sübut edilir. “Əslində, Ermənistan islamofobiyanın sistemli şəkildə yayıldığı ilk ölkədir. Xatırlatmaq istəyirəm ki, Ermənistan azərbaycanlıları sürgün edib qətlə yetirməklə yanaşı, Azərbaycana məxsus zəngin mədəni irsi metodik şəkildə yer üzündən silib. Son 200 il ərzində, xüsusilə 1905-1908-ci, 1918-1920-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından məcburi şəkildə deportasiya edilib. Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması olub. 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi kəndindən sonuncu azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik dövlətə çevrilib”, - deyə sözçü diqqətə çatdırıb.

Ermənistan ərazisində Azərbaycanın mədəni irsinin qəsdən məhv edilməsinə diqqət çəkən Ü.Zülfiqar vurğulayıb: “310-dan çox məscid və 500-dən çox qəbiristanlığın dağıdılması, əhəmiyyətli mədəniyyət abidələrinin təyinatının dəyişdirilməsi icmamıza qarşı törədilmiş ədalətsizliklərin nümunəsidir. Ermənistanda salamat qalan yeganə məscid olan İrəvandakı Göy məscid tariximizlə bağlı həqiqətləri ört-basdır etmək üçün bu ölkə tərəfindən başqa bir ölkənin irsi kimi təqdim edilir”.

Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn İşıksal qeyd edib ki, Avropada müsəlmanlar cəmiyyətdə öz yerlərini tutmağa və görünməyə başlayanda islamofobiya daha bariz şəkildə büruzə verilir. Əvvəllər orada müsəlmanlar yerli əhalinin görmək istəmədiyi işlərdə çalışırdılar. İndi gənc müsəlman nəsli daha vizual, keyfiyyətli işlərə daxil olduqda islamofobiya hallarının artığını görürük.

O bildirib ki, islamofobiyaya qarşı birgə, kollektiv mübarizə apararaq onun öhdəsindən gəlmək olar. Tarix boyu islamofobiya halları yaşanıb. Bəlkə də o zaman buna islamofobiya adı verilməmişdi, amma faktiki olaraq belə vəziyyətlər var idi.

“Müsəlman və türk olmaq ağır yükdür, bunu da qaldırmaq lazımdır”, - deyə Hüseyn İşıksal vurğulayıb.

Alikante Universitetinin fəxri professoru, Mənbələr Fondunun (Fundación Las Fuentes) direktoru Barbara Elena Bejarano qeyd edib ki, İslam dininə qarşı fobiya, müsəlmanlara qarşı ayrı-seçkilik, İslam abidələrinin dağıdılması və ya saxtalaşdırılması illər boyudur davam edir. Bu prosesin tarixi inkişafı ilə tanışlığın məsələnin həlli istiqamətində vacibdir.

Professor tarix boyu Qərb ölkələrində müsəlmanların xristianlarla eyni imtiyazlara sahib olmadığına diqqət çəkib: “İspaniyada XV əsrdə müsəlmanlara qarşı xüsusi bir nifrət formalaşdı. Həmin dövrdə İspaniya Kralı müsəlmanlara aid minarələrin yandırılması qərarını verdi. Onlar müsəlmanları cəmiyyətdən çıxarmaq istəyirdilər. Hətta qohumları arasında müsəlman olanların təhsil almaq, işləmək imkanı əllərindən alınırdı. Bu halların əsas səbəbi isə Qərbin Şərqdə güclənən Osmanlı İmperiyasından qorxması idi. Onlar Qərbdə yaşayan müsəlmanların Osmanlıya bağlı olduğunu düşünürdülər. Nəticədə isə Avropada yaşayan müsəlmanlar sürgün olundu və ya qətl edildi”.

İslamın sülh, əmin-amanlıq dini olduğunu vurğulayan fond direktoru qeyd edib ki, hər kəs islamofobiya ilə mübarizə etməlidir. Nifrətlə formalaşmayan yeni nəsillərə daha təhlükəsiz bir dünya ötürməliyik.

İslam sosiologiyası üzrə dosent Laurens Daniel de Rooij isə medianın islamofobiyaya təsirlərindən danışıb. Deyib ki, islamofobiya populizmi cəhalət nəticəsində çiçəklənir. İslamofobiyaya qarşı mübarizədə münaqişələrdən çox, müsəlmanların cəmiyyətdə tutduğu mövqelərdən danışılmalıdır. Çünki Avropada insanlar müsəlmanlardan qorxurlar. Onlar düşünürlər ki, müsəlmanlar olan yerlərdə daim münaqişələr olacaq. Bütün bu halların qarşısını almaq üçün maarifləndirmə layihələri həyata keçirilməlidir.

Sessiya müzakirələrlə davam edib.