Bölgələrdəki mədəniyyət müəssisələrində xanımların bayramı ilə bağlı tədbirlər keçirilib.

Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasında "Ən böyük cahan anadır!" başlıqlı sərgi-tədbir təşkil edilib. Çıxışlarda əlamətdar günün tarixindən danışılıb, dövlətimiz tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan söz açılıb. Sonra məktəblilərin ifasında analara və qadınlara həsr edilmiş şeirlər səsləndirilib.

Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi dəyərdən bəhs ediblər. Tədbirin sonunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

***

Ağsu rayon Uşaq musiqi məktəbində məktəbin 1-ci siniflərinin ''Səhnəyə ilk addım'' adlı konserti təşkil edilib. Konsertdən sonra çıxış edən məktəbin direktoru Yaqub Səfərov Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımları təbrik edib, müəllimlərə hədiyyələr təqdim edərək onlara uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.

***

Şərqi Zəngəzur RMİ-yə tabeli müəssisələrdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər təşkil edilib. Tədbirlərdə şəhid anaları və xanımları, döyüşlərdə sağlamlığını itirmiş hərbiçilərin ömür-gün yoldaşları, mədəniyyət müəssisələrində çalışan qadınlar iştirak ediblər. Çıxışlarda xanımlar təbrik edilib, onlara qadın xoşbəxtliyi, sağlamlıq, işlərində müvəffəqiyyətlər arzu edilib. Tədbirlər konsert proqramları ilə davam etdirilib.

***

Sabirabad rayonu üzrə mədəniyyət müəssisələrində Beynəlxalq Qadınlar Günü qeyd olunub. Tədbirlərdə iştirak edən xanımlara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı adından hədiyyələr və gül dəstələri təqdim edilərək onların bayramı təbrik edilib.

Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin təşəbbüsü ilə əlamətdar günlə bağlı tədbir keçirilib. İncəsənət ustaları tərəfindən şən musiqilər və rəngarəng rəqslər təqdim edilib. Sonda mədəniyyət müəssisələrinin və gənclər təşkilatlarının işlərində fərqlənən bir qrup əməkdaş fəxri fərmanla mükafatlandırılıb.

***

Şirvan şəhər Mərkəzi Kitabxanasında "Adın şərəflidir sənin, ey qadın" adlı tədbir keçirilib. Bildirilib ki, 1993–2003-cü illərdə Ulu öndər tərəfindən qadınlarla bağlı imzalanmış fərman və sərəncamlar Azərbaycanda dövlət qadın siyasətinin formalaşmasına böyük təkan verib. Bu gün qadınlar respublikanın ictimai, siyasi, mədəni və başqa sahələrində uğurlar qazanır.

***

Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Arif Əliyev kollektivdə çalışan qadınları bayramları münasibətilə təbrik edib. Tədbir müəllimlərin iştirakı ilə hazırlanmış konsert proqramı ilə davam etdirilib.

Şəmkir şəhər Uşaq musiqi məktəbində keçirilən tədbirdə müəllimlər tərəfindən konsert proqramı təqdim edilib. Həmçinin Xan qızı Xurşidbanu Natəvanın obrazı, Fikrət Əmirovun "Sevil" operasından “Dilbərin ariyası”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından "Qızların xoru" və digər rəngarəng kompozisiyalar nümayiş olunub.

***

Lənkəran-Astara RMİ, Regional Gənclər və İdman İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev xatirə parkında “Tirmə şallı, al yanaqlı gözəllər” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdırmaq, mədəni irsin qorunması, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsi, o cümlədən yaradıcı gənc xanımların sərgilərini nümayiş etdirməkdən ibarət olub.

Əvvəlcə iştirakçılar xatirə parkında təşkil olunmuş yeniyetmə və gənclərin mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını, həmçinin yaradıcı gənc xanımların əl işlərini əks etdirən sərgilərlə tanış olublar. Tədbir incəsənət ustalarının musiqi və rəqs nömrələri ilə davam edib.

Masallı Dövlət Rəsm Qalereyasında Beynəlxalq Qadınlar Gününə həsr edilmiş sərgi təşkil olunub. Sərgidə qalereyanın dərnək üzvlərinin mövzu ilə bağlı rəngarəng əl işləri nümayiş etdirilib.

***

Gəncə-Daşkəsən RMİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Hazırladı: N.Məmmədli