Azərbaycan milli peşəkar teatrının yarandığı 10 mart tarixi (1873) ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur. Bu münasibətlə bölgələrdə tamaşa nümayişləri və tədbirlər keçirilib.

 

Naxçıvan səhnəsində Lənkəran xanının sərgüzəştləri

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova, quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramovdur. Səhnə əsərində Xalq artisti Həsən Ağasoy, Əməkdar artistlər Nazlı Hüseynquliyeva, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, Əli Əliyev, həmçinin aktyorlardan Ələsgər Quliyev, Zəminə Məmmədova, Şölə Alışova, Səkinə Məmmədova, Saynur Babayev, Səyyad Bayramov və digər aktyorlar rol alıblar.

Qeyd edək ki, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Tamaşada səriştəsiz xan və vəzirinin yarıtmaz əməlləri gülüş hədəfinə çevrilir.

 

Qusar teatrının kompozisiyası

 

Qusar Dövlət Ləzgi Dram Teatrı milli teatrımızın yaranmasının 151-ci ildönümü münasibətilə tamaşaçılara Azərbaycan və ləzgi dillərində kompozisiya təqdim edib.

Əvvəlcə teatrın bədii rəhbəri Faiq Qardaşov ölkəmizdə teatrın inkişaf tarixindən danışıb. Bildirib ki, yaranmasının 151-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənəti zəngin bir tarixi yol keçib. O, Qusar Dövlət Ləzgi Dram Teatrının 32 əvvəl yaradıldığını və regionda teatr sənətinin inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. Deyib ki, bu illər ərzində teatr 100-dən çox səhnə əsəri ilə tamaşaçıların görüşünə gəlib.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi (RMİ) ilə keçirilən bayram tədbirində kollektiv Mirzə Fətəli Axundzadənin komediyaları əsasında hazırlanmış tamaşalardan parçalar nümayiş etdirib. Kompozisiyada həmçinin milli rəqslər, folklor nümunələri, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb. Kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

İncəsənət məktəbində tədbir

 

Quba şəhər Uşaq incəsənət məktəbində 10 mart – Milli Teatr Gününə həsr edilmiş tədbir keçirilib.

Çıxış edənlər milli teatrımızın yaranması və inkişaf tarixindən, teatr sahəsində əldə edilən nailiyyətlərdən, vaxtilə fəaliyyət göstərmiş Quba Dövlət Dram Teatrından söz açıblar.

Qeyd olunub ki, dövlət tərəfindən teatr sahəsinin inkişafına diqqət və qayğı göstərilir. Bu sahənin tərəqqisi üçün dövlət proqramları həyata keçirilib. Eyni zamanda teatr xadimləri müxtəlif fəxri adlara və dövlət təltiflərinə layiq görülürlər.

Tədbir şagirdlərin hazırladıqları səhnəciklərin nümayişi və bir-birindən maraqlı musiqi nömrələri ilə davam edib.

 

Səhnə sənəti də mədəni irsimizdir

 

Masallı rayon Mərkəzi Kitabxanasında Milli Teatr Gününə həsr olunmuş “Teatr sənəti mədəni irsimizdir” adlı tədbir təşkil edilib.

Qeyd olunub ki, 1873-cü il martın 10-da Bakıda Realnı məktəbin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bildirilib ki, zəngin sənət ənənələri olan Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, yeni və maraqlı tamaşaların hazırlanmasında, xarici ölkə teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

Vurğulanıb ki, teatrlarımızın inkişafında ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyət və incəsənətin böyük hamısı kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nurəddin Məmmədli