Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının (ÖDXA) müəllimləri – Əməkdar artist, “Navbahor” mahnı və rəqs ansamblının bədii rəhbəri dosent Gülmira Madrahimova-Ulmasjanova və Özbəkistan Dövlət Mükafatı laureatı Şerzod Kenjebaev tərəfindən ustad dərsləri keçilib.

Əvvəlcə qonaqlarla BXA rəhbərliyi arasında görüş olub. Görüşdə peşəkar kadrların hazırlanması, son dövrlərdə xoreoqrafiya sənəti üzrə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında əməkdaşlığın dinamikası, qardaş ölkələrin beynəlxalq festivallarda iştirakı və mövcud problemlər ətrafında müzakirələr aparılıb.

ÖDXA-nın nümayəndələri BXA-nın sinif otaqları, məşq zalları ilə tanış olublar. Daha sonra ustad dərslərinə başlanılıb.

BXA-nın orta ixtisas təhsili və bakalavr pilləsinin tələbələrinə Xarəzm, Buxara və Fərqanə professional rəqs məktəblərinin əsas elementləri haqqında məlumat verilib.