Xəbər verdiyimiz kimi, ölkəmiz 12-14 mart tarixlərində keçirilən London Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Martın 13-də Azərbaycan nümayəndə heyəti Britaniya Milli Kitabxanasında olub və kitabxananın baş direktoru Roly Keatinglə görüşüb.

Roly Keating Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovla ötən ilin iyununda Parisdə Avropa Milli Kitabxanaları Konfransının (CENL) illik toplantısında görüşündən və 2013-cü ildə Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyində iştirakı zamanı Bakıda keçirdiyi unudulmaz günlərdən, Azərbaycan xalqının qonaqpərvərliyindən, Bakının gözəlliyindən, milli mətbəximizin nümunələrindən söhbət açıb.

K.Tahirov görüş üçün təşəkkürünü bildirib. Deyib ki, ölkələrimiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasına əsaslanaraq Milli kitabxanaların da qarşılıqlı əməkdaşlığı genişləndirməsi vacibdir. O, Azərbaycan və Böyük  Britaniya Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandumun imzalanması təkliflərini diqqətə çatdırıb.

Eyni zamanda K.Tahirov Britaniya Milli Kitabxanasında görkəmli Azərbaycan şairləri N.Gəncəvi, M.Füzuli, X.Şirvani, Ş.İ.Xətai, M.Hadi və digər klassiklərimizin qiymətli əlyazmalarının saxlandığına diqqət çəkərək onların tədqiqi və elektron nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsinə dəstək göstərməyi xahiş edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Elçin Mustafayev çıxış edərək bu il mayında Bakıda keçiriləcək VI Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. O, Mədəniyyət Nazirliyinin rəhbərliyi adından Britaniya Milli Kitabxanasının baş direktorunu foruma dəvət edib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli də bu il ölkəmizdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb, böyük şairin Britaniya Milli Kitabxanasında saxlanılan əlyazmalarının elektron variantının Azərbaycan Milli Kitabxanasına verilməsinə dəstək göstərməyi xahiş edib.

Görüşün sonunda nümayəndə heyəti Britaniya Milli Kitabxanası ilə yaxından tanış olub.