Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl çərşənbə” adlı inklüziv festival keçirilib.

Festivalda rayon ictimaiyyəti, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, əlilliyi olan şəxslər, mədəniyyət işçiləri və agentlik tərəfindən səyyar sosial-məişət xidməti göstərilən ahıllar iştirak ediblər.

Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil edilən festival çərçivəsində Novruz bayramına aid milli adət-ənənələrimizi əks etdirən nümunələrə baxış olub. Sonra qonaqlar muzey eksponatları, həmçinin əlilliyi olan şəxslər və rayonun yaradıcı şəxslərinin əl işlərindən ibarət sərgiləri ziyarət ediblər.

Tədbirin “Hophopnamə” kitab mərkəzində keçirilən rəsmi hissəsində çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Sabirabad rayonunda əlilliyi olan şəxslərlə bağlı görülən işlərdən söhbət açıb.

Sosial Xidmətlər Agentliyi idarə heyətinin sədri Vüqar Behbudov bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, eləcə də sosial reabilitasiyası istiqamətində davamlı addımlar atılır. Diqqətə çatdırılıb ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində bir sıra tədbirlər təşkil edilir və əlilliyi olan şəxslər də bu tədbirlərə qatılır.

Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı idarə tərəfindən təşkil olunan mədəni tədbirlərdə əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə iştirakının təmin olunmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Çıxışlardan sonra regional idarənin tabeliyindəki uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri, eyni zamanda dərnək üzvləri ilə birlikdə əlilliyi olan şəxslərin, şəhid övladlarının ifasında musiqi və rəqs nümunələri təqdim edilib, şeirlər səsləndirilib.

Sonda festivalın fəal iştirakları təşəkkürnamə ilə təltif olunublar.