Tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Zeynal Vəfa 14 mart 2024-cü il tarixində, ömrünün 86-cı ilində vəfat edib. 

Zeynalabdin İsmayıl oğlu Zeynalov (Zeynal Vəfa) 2 dekabr 1938-ci ildə Naxçıvan şəhərində anadan olub. Şəhərdəki M.T.Sidqi adına 4 nömrəli orta məktəbi bitirdikdən sonra 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb.

1962-ci ildə “Şərq qapısı” qəzetində əmək fəaliyyətinə başlayıb. Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963–1969), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969–1990) işləyib. Azərbaycan Xarici Dillər İnstitutu nəzdində ikiillik ərəb dili kursunu bitirərək bir müddət Yəmən Xalq Demokratik Respublikasında tərcüməçi kimi fəaliyyət göstərib. 1993-cü ildən "Azərbaycan" qəzetində baş redaktorun müavini vəzifəsində işləyib.

Şairin "Mənim körpə çinarım", "Qəlbimin səsi", "Əgər sevirəm desən", "Körpələrin xətrinə", "Beşiklərdən gələn səslər", "Ömrün beşinci fəsli", "Millətin xilaskarı" və digər şeir kitablarının müəllifidir. Sözlərinə 70-dək mahnı bəstələnib. Şeir və poemaları rus, Ukrayna, özbək, tacik, eston, latış, ərəb və digər dillərə tərcümə olunub. Özü də bir sıra xalqların ədəbiyyatından poetik tərcümələr edib.

Zeynal Vəfa 2007-ci ildə “Tərəqqi” medalına, 2010-cu ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Şair Yasamal rayonu ərazisindəki “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin.