Seriyanın növbəti kitabı işıq üzü görüb

 

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” seriyasından dördüncü kitab çapdan çıxıb.

Bu seriyadan kitablar 2017, 2019 və 2021-ci illərdə işıq üzü görüb.

Əvvəlki kitablarla müqayisədə bölmələrin adlarında cüzi fərqlər olsa da, müəllif ənənəyə uyğun olaraq dördüncü kitabı “Elm”, “Ədəbiyyatşünaslıq və əlyazmaşünaslıq”, “Mətbuat, maarif və mədəniyyət”, “Müsahibə, rəy və təəssüratlar” adlanan dörd bölməyə ayırıb.

Kitabda Fərman Xəlilovun Naxçıvanın elmi, ədəbi və mədəni mühitindən bəhs edən məqalələri, müsahibələri yer alıb. XX əsr və XXI əsrin ilk onilliklərində Naxçıvanın elmi, ədəbi və mədəni həyatı ilə bağlı ictimai əhəmiyyətə malik müxtəlif məsələlər məqalələrin ümumi məzmununu təşkil edir. Buradakı məqalələrin müəyyən hissəsi indiyədək müxtəlif qəzet və jurnallarda dərc olunub, bir qismi isə ilk dəfə olaraq kitaba daxil edilib.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, rəyçisi filologiya elmləri doktoru, professor İslam Qəriblidir.