AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Kərkük Kültür Dərnəyi (İraq) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli və Kərkük Kültür Dərnəyinin rəhbəri, tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi imzalayıblar.

Müqavilənin məqsədi tərəflər arasında qarşılıqlı faydalı elmi-mədəni əməkdaşlığın yaradılması və möhkəmləndirilməsi, İraq-türkmən ədəbiyyatının tədqiqi və nəşri istiqamətində birgə fəaliyyət üçün yeni imkanların yaradılmasıdır.

Sənəddə birgə elmi-tədqiqatların aparılması, birgə elmi və praktiki tədbirlərin təşkili və nəşr işlərinin həyata keçirilməsi kimi məsələlər əksini tapıb.

Daha sonra Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi İraq-türkmən mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə akademik İsa Həbibbəyliyə dərnəyin fəxri fərmanını təqdim edib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.