Martın 27-də Sankt-Peterburqdakı Lensovet adına Mədəniyyət Sarayında Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının solisti Elçin Əzizovun solo konserti olacaq.

Sarayın portalında konsert barədə geniş məlumat yerləşdirilib. Yazıda Elçin Əzizov dünyanın ən parlaq baritonlarından biri kimi təqdim edilir. Yazıda deyilir: “Nəğməmə inan” adlı solo konsertdə unudulmaz Müslum Maqomayevin repertuarından olan mahnılar tanınmış baritonun ifasında səslənəcək.

Maraqlıdır ki, Elçin Əzizovun Sankt-Peterburqdakı ilk solo konserti sovet klassik estradasının “Qızıl günəşin şüaları”, “Ümid”, “Bir-birimizdən ayrı yaşaya bilmərik”, “Mavi əbədiyyət” və d. məşhur mahnılarının daxil olduğu yeni proqramın təqdimatına təsadüf edir.

Klassik estradada mahnı mətninin mənalı olması həmişə mühüm sayılıb və uşaqlıqdan bizə tanış olan kəlmələr Elçin Əzizovun ifasında qəlbimizi oxşayır. “Nəğməmə inan” geniş auditoriyanın bəyənəcəyi konsert olacaq. Yaşlı nəsil xoş xatirələri yada salacaq, ötən illərin ürəyəyatan mahnılarının yeni, daha müasir tərzdə ifası da gənc tamaşaçılar üçün yenilik olacaq.

Elçin mahnı vasitəsilə öz şəxsi hisslərini ifa edir. O, təkcə oxumur, sanki hər tamaşaçısı ilə söhbət edir. İyirmi ildən artıq rus estradasının ulduzları ilə birgə çıxış edən ən yaxşı ifaçılardan ibarət estrada-caz ansamblı Elçin Əzizovu müşayiət edəcək”.

Məlumatda o da diqqətə çatdırılır ki, məşhur vokalçı İtaliya, Fransa, Almaniya, Polşa, Yunanıstan, İsrail, İspaniya, Macarıstan, Çin, Cənubi Koreya, Yaponiya, Avstraliya, Böyük Britaniya, ABŞ və digər ölkələrdə çıxış edib. Dünya operasının onlarla aparıcı partiyası onun repertuarına daxildir. Bu il Elçin Əzizov öz repertuarını genişləndirməyə başlayıb və tamaşaçılar üçün “Nəğməmə inan” adlı maraqlı konsert hazırlayıb.

Gülcahan Mirməmməd