Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz şənliyi keçirilib.

Tədbir Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə gerçəkləşib.

Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Dədə Qorqud və Bahar qızı yazın gəlişini müjdə verməklə abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb.

Bayram şənliyinin məşəlini alovlandırmaq üçün cəngavərlər meydana daxil olub və şəhid övladları ilə birgə tonqal qalayıblar.

Tədbirdə Abşeron rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən ədəbi-bədii kompozisiyalar, şeirlər təqdim ediblər.

***

Novruz bayramı Sumqayıtda da böyük təntənə ilə qeyd olunub. “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən bayram tədbirində şəhər rəhbərliyi, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

Bayram tədbirində Dədə Qorqud və Bahar qızı xeyir-dua verərək Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər.

Sumqayıt şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları rəsm sərgisi, musiqi və rəqs nömrələri ilə iştirak ediblər.

Novruz personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri, oyunlar, qədim el-elat görüntüləri, milli geyimlərimiz, mətbəximiz, xalq yaradıcılığı və sənətkarlığın ən gözəl nümunələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.