Novruz bayramı münasibətilə Dağlıq Şirvan RMİ-nin tabeliyindəki müəssisələrdə tədbirlər keçirilib

Dağlıq Şirvan RMİ-nin rəisi Səxavət Məmmədov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva Novruz bayramı münasibəti ilə şəhidlər Xəyyam Daşdəmirov, Taleh Qənbərli və Dilqəm Şirinovun ailələrini ziyarət ediblər.

Şəhidlərin valideynləri və yaxınları ilə keçirilmiş görüş zamanı onların şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilib.

İdarə rəisi dövlət səviyyəsində şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan söz açıb, bu ailələrə mənəvi dəstək göstərilməsinin hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirib.

***

İsmayıllı rayon Fazil Əzimov adına Uşaq incəsənət məktəbi, rayon Heydər Əliyev Mərkəzi və MİHİ İsmayıllı rayon komitəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilən rəsm müsabiqəsi keçirilib.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində təşkil edilən müsabiqədə Vəfa Lətifzadə I, Nihad Ağayev II, Nuray Babayeva və Leyla Faxtiyeva III yerlərə layiq görülüblər.

Rəsm müsabiqəsində qalib gələn şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub. Müsabiqədə fərqlənən digər şagirdlər də müxtəlif hədiyyələr verilib.

***

İsmayıllı rayonunda Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri, rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak ediblər.

Tədbir iştirakçıları İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş Novruz sərgisinə baxış keçiriblər. Özündə Novruz bayramının rəmzlərini, adət-ənənələrini əks etdirən sərgidə təhsil, mədəniyyət, folklor nümayəndələrinin, İsmayıllı sənətkarlarının, rəssamlarının əl işləri və istehsalat nümunələri, milli mətbəximiz, kənd təsərrüfatı məhsulları yer alıb. Şagirdlər Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər.

Sonra mərkəzi meydanda bayram tonqalı qalanıb. Azərbaycanın tanınmış müğənniləri, “Lahıc” folklor qrupu bir-birindən fərqli ifalarla bayram iştirakçılarına xoş anlar bəxş ediblər.

Hazırladı: N.Məmmədli