Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa, rejissor Məlahət Abbasova söyləyib.

“Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi, maarifçi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri dünyanın ən böyük teatrı hesab edilən və mənim də aktyor-rejissor kimi fəaliyyət göstərdiyim İstanbul Şəhər Teatrlarının bədii şurasında böyük səs çoxluğu ilə qəbul olundu”, – deyən Məlahət Abbasova bunun özü üçün böyük sevinc və qürurverici hal olduğunu bildirib.

M.F.Axundzadə əsərlərinin Azərbaycan teatrının inkişafında müstəsna rol oynadığını xatırladan aktrisa deyib: “Bu gün dünyanın ən böyük kitabxanasının yerləşdiyi İstanbul Şəhər Teatrlarında Axundzadənin əsərinin olmaması mənə görə, böyük çatışmazlıqdır. Artıq 33 ildir yaradıcılığım demək olar ki, bütünlüklə Azərbaycan teatrının və teatr əsərlərinin təbliğinə həsr olunub. Bu, mənim üçün bir missiyaya dönüb. Artıq İstanbuldaki bu kitabxanamızda Mirzə Fətəli Axundzadənin də əsərinin yer alması çox sevindirici haldır. Əsəri səhnəyə qoymaq üçün tanınmış aktyor və rejissor, Azərbaycanın Xalq artisti, professor Cahangir Novruzovu dəvət edəcəyik. Axundzadənin bu əsərinin də böyük əks-səda yaradacağına inanıram. Mənim üçün ən böyük sevindirici hal isə bu əsərin 2024– 2025-ci illər repertuarına salınması oldu. Bundan sonrakı fəaliyyətlərimdə də dahi mütəfəkkirlərimizin, klassik yazıçılarımızın əsərləri yer alacaq, bu əsərləri bədii şuraya təqdim edəcəyik. Fikrimcə, sırada böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” əsərləri var. Bu əsərlərlə bağlı yenilikləri tamaşaçılarımızla paylaşmağı səbirsizliklə gözləyirəm”.

Məlahət Abbasova bildirib ki, İstanbul Şəhər Teatrlarına təqdim olunan bütün Azərbaycan əsərləri, eyni zamanda, Türkiyə Respublikası Dövlət Teatrlarının da bədii şurasına təqdim olunur və orada da qəbul edilir. Bu da əsərlərimizin, sadəcə, İstanbul teatrlarında deyil, bütün Türkiyə teatrlarında da səhnəyə qoyulmasına imkan yaradır və hazırda bununla bağlı danışıqlar gedir.