Bölgələrdə Novruz bayramı münasibətilə müxtəlif səpkili tədbirlər keçirilib.

Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz şənliyi təşkil olunub. Tədbir Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə gerçəkləşib. Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Dədə Qorqud və Bahar qızı yazın gəlişini müjdə verməklə abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb.

Novruz bayramı Sumqayıtda da böyük təntənə ilə qeyd olunub. “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən bayram tədbirində Dədə Qorqud və Bahar qızı xeyir-dua verib, milli geyimli uşaqlar meydanda rəqs ediblər.

***

Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov və idarənin əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər. İdarə rəisi şəhid ailələrini bayram münasibətilə təbrik edib, onların qayğıları ilə maraqlanıb.

Masallı Dövlət Rəsm Qalereyası və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Yaz gəlir” adlı bayram tədbiri keçirilib. Çıxışlarda Novruz adətlərindən, nümayiş olunan oyunlar, tamaşalar, səsləndirilən nəğmələr, inanc və mərasimlərdən söhbət açılıb. Məktəblilər Novruz atributlarını əks etdirən rəsmlər çəkiblər.

***

Dağlıq Şirvan RMİ-nin rəisi Səxavət Məmmədov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva Novruz bayramı münasibətilə şəhidlər Xəyyam Daşdəmirov, Taleh Qənbərli və Dilqəm Şirinovun ailələrini ziyarət ediblər.

İsmayıllı rayonunda Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş Novruz sərgisinə baxış keçiriblər. Şagirdlər Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər. Tanınmış müğənnilər, “Lahıc” folklor qrupu bir-birindən fərqli ifalarla bayram iştirakçılarına xoş anlar bəxş ediblər.

***

Şəki-Zaqatala RMİ-nin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyəti və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə konsert proqramı keçirilib.

Balakən rayon Mədəniyyət Mərkəzində bayram münasibətilə ümumrayon tədbiri keçirilib. Rayon rəhbərliyi və qonaqlar əvvəlcə mərkəzin foyesində xalqımızın milli adət-ənənələrini özündə əks etdirən sərgilərlə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar. Bayram şənliyi rayonun bədii özfəaliyyət, rəqs və folklor kollektivləri tərəfindən rəngarəng konsert proqramı ilə davam edib.

***

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən RMİ, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə Dövlət Kukla Teatrı və Gəncə Dövlət Dram Teatrının dəstəyi ilə şəhərin Heydər Əliyev adına meydanında Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib. Şəhər Uşaq incəsənət məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblı, Z.Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbinin aşıq sinfi, Göygöl rayon Mədəniyyət Mərkəzindəki dərnək üzvlərinin eləcə də Gəncə Dövlət Filarmoniyası “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında konsert proqramı alqışlarla qarşılanıb.

***

Şərqi Zəngəzur RMİ-nin tabe müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə müəllim və şagirdlərin, eyni zamanda tanınmış müğənnilərin ifasında mahnılar səslənib, rəqslər ifa olunub.

Bahar qızının gəlişi, Kosa ilə Keçəlin məzəli çıxışları tədbirə xüsusi rəng qatıb. Milli adət-ənənələrimizi əks etdirən bir sıra oyunlar tədbir iştirakçılarında xoş əhvali-ruhiyyə yaradıb.

***

Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran RMİ-nin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Mədəniyyət müəssisələri əməkdaşlarının təqdimatında səsləndirilən bayram əhvallı musiqilər qonaqların ruhunu oxşayıb.

Göyçay Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran RMİ-nin birgə təşkilatçılığı ilə keçirilən ümumrayon tədbirində Uşaq-gənclər inkişaf mərkəzi və rayon Mədəniyyət Mərkəzi tərəfindən konsert proqramı təqdim olunub.

Ucar Rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Yurdumuza bahar gəlir” adlı bayram tədbiri keçirilib. Milli mətbəxin ləziz təamlarının, Novruz bayramına xas adət-ənənələrin nümayiş olunduğu bayram tədbiri konsert proqramı ilə davam etdirilib.

Mingəçevirdə ümumşəhər tədbirində mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən konsert proqramı təqdim edilib.

***

Füzuli rayon Heydər Əliyev Mərkəzində (Horadiz şəhəri) Səməni festivalı keçirilib. Festivalda Füzuli rayon MKS tərəfindən Novruz adət-ənənələrini, mətbəxini əks etdirən sərgilər təşkil olunub. Milli mətbəximizin ləziz təamlarından göy qutabı və fəsəli, lavaş hazırlanıb, kəklikotulu samovar çayı, paxlava, şəkərbura, səməni bayram süfrəsini bəzəyib. Tədbirə qatılan ziyalılar, ictimaiyyət nümayəndələri Novruz adətləri haqqında xatirələrini, fikirlərini söyləyiblər.

***

Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələr tərəfindən Novruz bayramı ilə bağlı şəhid ailələri ziyarət olunub. Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, ailələrə bayram sovqatı təqdim olunub.

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbi və Ağstafa rayon Dağkəsəmən kənd 1 saylı körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirilib.

***

Sabirabad rayonundakı N saylı hərbi hissədə Novruz şənliyi təşkil olunub. Tədbir Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan RM və başqa qurumların birgə təşkilatçılığı ilə keçirilib. Çıxışlardan sonra hərbçilərə bayram sovqatı təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.

İmişli Rayon İcra Hakimiyyəti və rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. İmişli rayon Heydər Əliyev adına istirahət parkında gerçəkləşən tədbirdə rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında bayram ab-havalı musiqi və rəqs nömrələri təqdim edilib.

Saatlı Rayon İcra Hakimiyyəti və rayondakı mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən şənlikdə şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisələrin rəhbər və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin Xalça muzeyi filialında Novruz bayramına həsr olunmuş “Bahar sevincləri” adlı tədbir keçirilib. Qeyd olunub ki, Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Tədbir bayram konserti ilə davam edib.

Xudat şəhər Uşaq musiqi məktəbi və Siyəzən rayon Mədəniyyət Mərkəzində də bayram tədbirləri keçirilib.

***

Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan RMİ-nin təşkilatçılığı ilə Novruz bayramı ilə bağlı tədbir keçirilib. Novruzun adət-ənənələrini özündə əks etdirən tədbir iştirakçılara xoş əhvali-ruhiyyə bəxş edib.

Hacıqabul şəhər Uşaq musiqi məktəbində Novruz bayramı münasibətilə konsert proqramı təşkil olunub. Konsertdən əvvəl Novruz adətlərindən söhbət açılıb, fərqlənən şagird və müəllimlər diplomlarla təltif ediliblər. Sonda rəngarəng musiqilər səsləndirilib.

Hazırladı: N.Məmmədli