Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli şair, mütəfəkkir, maarifçi Mirzə Şəfi Vazehin (1794–1852) anadan olmasının 230 illiyi münasibətilə tədbir keçirilib.

“Klassik irsimizin Mirzə Şəfi Vazeh zirvəsi” adlı tədbirdə şairin Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində yerindən, həyat yolundan söz açılıb. Bildirilib ki, Gəncədə doğulan, mükəmməl təhsil alan Mirzə Şəfi gənc yaşlarından şeirlər yazıb. Bir müddət sonra Tiflisə köçən şairin poeziyasının şöhrəti Avropaya da yayılıb. Əsərlərini Azərbaycan və fars dillərində yazan M.Ş.Vazeh əsasən lirik şeirlər qələmə alıb. Onun şeirlərində gözəllik, dünya nemətləri tərənnüm olunur, məhəbbət saxta dini etiqada qarşı qoyulur.

M.Ş.Vazeh Azərbaycan dilində ilk dərs vəsaitinin müəllifi və  “Divani-hikmət” ədəbi məclisinin təsisçisi kimi də xalqın maariflənməsində əvəzsiz rol oynayıb.