Martın 27-də “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə mart ayında dünyaya göz açmış şəhidlərin xatirəsi anılıb.

Əvvəlcə Naxçıvan televiziyasının həmin şəhidlərlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri 34 nəfər Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin portretləri ilə səhnəyə çıxıblar.

Şəhid valideynləri İlham Cabbarov, Gülnarə Quliyeva və Məhəbbət Məmmədəliyeva çıxış edərək övladlarının xatirələrinin bu cür yad olunmasının onlarda təskinlik və fərəh hissi oyatdığını bildirib, tədbirin təşkilində əməyi olanlara təşəkkür ediblər.

Sonda Naxçıvan Dövlət Universitetinin tələbə teatr-studiyası və “Belkanto” vokal qrupunun şəhidlərin xatirəsinə birgə hazırladığı bədii kompozisiya təqdim olunub.