Dünya Teatr Gününün builki mövzusu

 

27 mart hər il Dünya Teatr Günü (World Theatre Day) kimi qeyd edilir. Bu gün UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun (International Theatre Institute – ITI) 1961-ci ildə Vyanada keçirilən IX konqresində təsis edilib.

Hər il əlamətdar gün münasibətilə görkəmli teatr xadimləri, dramaturqlar ictimaiyyətə müraciət ünvanlayaraq teatr sənətinin mədəni həyat və ümumilikdə insanlıq, bəşəriyyət üçün əhəmiyyətini diqqətə çatdırırlar.

2024-cü il üçün Dünya Teatr Gününün mövzusu “Teatr və sülh mədəniyyəti” müəyyən edilib. Bu münasibətlə UNESCO-nun himayəsi və Beynəlxalq Teatr İnstitutunun iştirakı ilə əsas tədbir 27–29 mart tarixlərində Çinin Langfang şəhərində keçirilir.

“Teatr və sülh mədəniyyəti” mövzusunda mesajın müəllifi isə Norveç yazıçı-dramaturqu, 2023-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Jon Fosse seçilib. Onun müraciəti Beynəlxalq Teatr İnstitutunun rəsmi saytında müxtəlif dillərdə yayımlanıb.

Müraciətdə deyilir: “İncəsənət, yaxşı sənət tamamilə unikal olanı universalla birləşdirməyi gözəl şəkildə bacarır. Bu, bizə nəyin fərqli, nəyin universal olanı olduğunu başa düşməyə imkan verir. Bununla da sənət dilləri, coğrafi bölgələri, ölkələri birləşdirir. Bu, təkcə hər kəsin fərdi keyfiyyətlərini deyil, həm də hər bir xalqın fərdi xüsusiyyətlərini ifadə edir. İncəsənət bunu fərqləri bərabərləşdirmək və hər şeyi eyniləşdirməklə deyil, əksinə, bizdən nəyin fərqli olduğunu, nəyin yad olduğunu göstərməklə ehtiva edir... Müharibələr, münaqişələr, terror hamımızın dərinliklərində olan şeylərə qarşı döyüşdür.  Və o sənətə də qarşı, bütün sənətin dərinliklərində olanlara qarşı döyüşdür. Mən burada konkret olaraq teatrdan və ya dramaturqluqdan deyil, ümumiyyətlə, sənətdən danışıram... Müharibə və sənət bir-birinə zidd olduğu kimi, müharibə və sülh də bir-birinə ziddir – bu qədər sadədir. Sənət sülhdür”.

***

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) da Dünya Teatr Günü münasibətilə müraciət yayıb.

ICESCO-nun saytında yayımlanan müraciətdə deyilir: “Hər il martın 27-də teatr sənətinin bir ilham mənbəyi kimi dünyada incəsənətin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində rolunu, müxtəlifliyi və bəşər tarixinə mədəni təsirini təşviq edən, habelə onun qeyri-maddi sivilizasiya irsinin ayrılmaz hissəsi olduğunu vurğulayan Dünya Teatr Günü qeyd edilir. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu fürsətdən istifadə edərək, teatr sənətini dəstəkləmək, mədəni dialoqu təşviq etmək və təşkilata üzv dövlətlərdə teatr artistlərinin bacarıqlarını inkişaf etdirmək öhdəliyini təzələyir. Təşkilat eyni zamanda, elmi nəşrlər və simpoziumlar vasitəsilə, xüsusən də süni intellektin yaratdığı problemlər və onun insan yaradıcılığının azaldılmasına təsiri fonunda əcdadların mirası olan bu vacib sənətin rolunun gücləndirilməsi istiqamətində göstərilən səyləri vurğulamağa çalışır”.

Müraciətdə o da diqqətə çatdırılır ki, ICESCO İslam dünyasında teatrın mədəni kimliyini möhkəmləndirməyə yönəlmiş bir sıra bələdçi nəşrləri, habelə məktəblilər üçün bədii və teatr təhsili üzrə rəhbər tədqiqatın hazırlanması üzərində işləyir. Həmçinin vurğulanır ki, ICESCO bu sənət növünü inkişaf etdirmək, artistlərin hazırlanmasını təşviq etmək və səhnə sənətini qoruyub saxlamaq üçün üzv dövlətlərinin səylərini dəstəklədiyini bir daha təsdiqləyir.

***

Əlamətdar haldır ki, Azərbaycanda Milli Teatr Günü də Dünya Teatr Günü ilə eyni aya (10 mart) təsadüf edir. Bu il yaranmasının 151-ci ildönümü tamam olan peşəkar milli teatr sənəti zəngin inkişaf yolu keçib. Milli folklorumuzdan, meydan tamaşa-ayinlərindən qaynaqlanan teatr ənənələrinin ölkəmizdə tarixi isə uzun əsrlər öncəyə gedib çıxır. 1873-cü ilin martında Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulub.