Hər il olduğu kimi, bu il də Novruz şənlikləri musiqimizlə, rəqslərimizlə süsləndi...

 

Milli-mənəvi irsimizin qədim yaddaşı və zəngin saxlancı olan Novruz bayramı sərhədləri bütöv Vətənimizin dörd bir yanında olduğu kimi, yurddaş və həmvətənlərimizin yaşadığı ölkələrdə də təmtəraqla qeyd olundu. Hər il olduğu kimi, bu il də Azərbaycanın xaricdəki səfirlikləri, mədəniyyət mərkəzləri dost ölkələrin diplomatik nümayəndəlikləri və diasporlarının iştirakı ilə keçirilən şənliklər musiqimizlə, rəqslərimizlə süsləndi...

2009-cu ildən Novruzu Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil etmiş UNESCO-da da bayram tədbiri keçirilib. Mərasim Azərbaycanın, eləcə də Novruzla bağlı çoxmillətli nominasiya faylında imzası olan Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, İran, İraq, Hindistan, Özbəkistan, Pakistan, Türkiyə, Türkmənistan və Tacikistanın UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilib. UNESCO-nun baş direktorunun müavini Sin Ku tədbir iştirakçılarını təbrik edib. Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyi, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğu vurğulanıb.

Təşkilatçı ölkələrin sənətçiləri milli musiqi və rəqs nümunələri ifa ediblər. Parisdə yaşayan azərbaycanlı Səddam Novruzbəyov (klarnet) və Neset Kutas (nağara) “Sarı gəlin” Azərbaycan xalq mahnısını, “Novruz gəlir, yaz gəlir”, “Maralı” və “Qazaxı” rəqs havalarını səsləndiriblər.

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayev qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsi ənənələri haqqında məlumat verib.

***

Strasburqda Avropa Şurası yanında daimi nümayəndəliyimiz də UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə bayram konserti təşkil edib. Daimi nümayəndə Fəxrəddin İsmayılov Novruz bayramı və xalqımızın milli-mədəni irsi barədə söz açıb. 2009-cu ildə isə Novruzun UNESCO-nun siyahına salındığı, 2010-cu ildə BMT Baş Assambleyasının 21 mart – Beynəlxalq Novruz Günü ilə bağlı qətnamə qəbul etdiyi xatırladılıb.

Strasburqun “Bayramlar Sarayı”na toplaşan qonaqlara Montrö Caz Festivalının mükafatçısı Əməkdar artist Emil Əfrasiyab (fortepiano), Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), İsgəndər Ələsgərov (zərb alətləri) və istedadlı gənc Elvin Nəbiyevin (bas-gitara) ifasında etno-caz musiqi proqramı təqdim olunub.

***

Baharlı yurddan sənət sovqatlı Novruz havası Avropanın ən şimal ölkəsi Norveçə də gedib çıxıb. Norveçin paytaxtı Osloda “Zəfərin ilk baharı” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Muğam Mərkəzi (BMM), Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin dəstəyi ilə keçirilən tədbirdə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagirdləri və onların valideynləri Vətənə, Novruz bayramına həsr edilmiş şeirlər səsləndirib, Novruzun rəmzi olan Bahar qızı tədbir iştirakçılarının bayramını təbrik edib.

Konsertdə BMM-in solistləri, xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.