Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan “Muzeydə musiqi gecələri” layihəsi çərçivəsində növbəti portret-konsert keçiriləcək.

Muzey Mərkəzində musiqişünas Şəfaqət Məmmədovanın aparıcılığı ilə aprelin 1-də saat 19:00-da təşkil ediləcək konsert bəstəkar İsmayıl Hacıbəyovun (1949–2006) yaradıcılığına həsr olunacaq.

Qeyd edək ki, “Muzeydə musiqi gecələri” layihəsinin əsas məqsədi Azərbaycan bəstəkarlarının portret-konsertlərini təşkil edərək onların yaradıcılığının xüsusiyyətlərini işıqlandırmaq, beləliklə müəllif musiqisinin təqdimatına daha çox zaman ayırmaq və bu minvalla ölkəmizdə keyfiyyətli musiqinin auditoriyasını formalaşdırmaqdır. Artıq layihə çərçivəsində bəstəkarlar Tahir İbişov, Rəhilə Həsənova və Xəyyam Mirzəzadənin portret-konsertləri təqdim olunub. 

“İsmayıl Hacıbəyov portret-konsert”ində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Xurşid Abdullayeva (klavesin) çıxış edəcəklər. Gecədə həmçinin “Cadenza” orkestri bəstəkarın kamera musiqilərini səsləndirəcək. Konsertə giriş sərbəstdir.

İsmayıl Hacıbəyov neoklassisizmi yaradıcılığının ayrılmaz keyfiyyətlərindən birinə çevirmiş, ona qarşı fərdi münasibətini formalaşdırmağı bacarmış Azərbaycan bəstəkar kimi tanınır. Qara Qarayevin sinfində təhsil almış İ.Hacıbəyov 1974-cü ildən ömrünün sonuna qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarlıqdan dərs deyib. O, “Albomdan səhifələr”, “Üç idilliya”, “Konsertştük”, “İstəklər”, “Konsertino”, simfonik orkestr üçün “Naxışlar” və musiqi irsimiz üçün əhəmiyyətli sayılacaq bir sıra digər əsərlərin müəllifidir. Onun Ü.Hacıbəylinin “Cəngi” əsərinə müraciətlə yazdığı “Cəngi” fortepiano rapsodiyası milli neoklassisizmin parlaq nümunəsi hesab olunur.