Aprelin 1-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında tanınmış xanəndə, Xalq artisti Abdulla Babayevin (1924–2015) 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbiri giriş nitqi ilə açan NMR-in mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov Abdulla Babayevin sənət yolundan danışıb. Bildirib ki, xanəndə ömrünün 60 ildən çoxunu Azərbaycan musiqi mədəniyyətinə həsr edib, muğamlarımızın, xalq və bəstəkar mahnılarının mahir ifaçılarından olub.

Gecədə Xalq artistinin oğlu, tarzən, Əməkdar artist Zeynalabdin Babayev, Əməkdar incəsənət xadimi, professor Səidə Məmmədova, Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, Əməkdar incəsənət xadimi Əkrəm Məmmədov, Tumbul kənd ziyalısı Nağı Nağıyev Abdulla Babayevlə bağlı xatirələrini bölüşüb, onun sənət yolu, ifaçılıq məharəti, yüksək insani keyfiyyətləri barədə danışıblar.

Tədbirdə sənətkarın Ümummilli lider Heydər Əliyevlə görüşündən və həyatının müxtəlif məqamlarından bəhs edən videoçarx nümayiş olunub.

Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solistləri – Xalq artisti Əzizağa Məmmədov, Əməkdar artist Vilayət İsmayılov, muxtar respublikanın Əməkdar artistləri – Hünər Əliyev, Zülfiqar Mahmudov, solistlər –Nərmin Hüseynova, Zamin Vəliyev, İsrafil Qibləliyev və Abdulla Babayevin adını daşıyan nəvəsi vaxtilə sənətkarın repertuarında yer almış “Təki sən səslə məni”, “Şəhla gözlüm”,  “Ordubad”, “Kor ərəbin mahnısı”, “Naxçıvan”, “Kimlər gəldi, kimdi getdi” və “Şur” təsnifini ifa ediblər.

Tarzən Zeynalabdin Babayevin ifa etdiyi “Qərənfil” əsəri xüsusi maraqla qarşılanıb.

Xatirə gecəsi Abdulla Babayevin ifasında dillər əzbəri olan “O Naxçıvandır” mahnısının səsləndirilməsi ilə sona çatıb.