Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovu fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

Özbəkistan Mədəniyyət Nazirliyində keçirilən görüşdə nazir Ozodbek Nazarbekov iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışıb. O, dövlət başçılarımızın səyləri nəticəsində Özbəkistan-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatdırıldığını qeyd edib. Ötən il Azərbaycanda müstəqillik illərində ilk dəfə keçirilən Özbəkistan Mədəniyyəti Günlərinin əhəmiyyəti qeyd olunub, mədəni əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında mədəniyyət sahəsində görülən işlər və əməkdaşlıqda Heydər Əliyevin adına AMM-in fəaliyyətini vurğulayan nazir deyib ki, mərkəz çoxsaylı tədbir və layihələri ilə əsl xalq diplomatiyasını həyata keçirib, dostluq körpüsü yaradıb.

Ozodbek Nazarbekov səmərəli fəaliyyəti, dostluq və əməkdaşlıq, mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərə görə Samir Abbasova təşəkkürünü bildirib.

Samir Abbasov fəaliyyəti və əməkdaşlıq üçün yaradılan yüksək şərait və dəstəyə görə Özbəkistan dövlətinə, onun rəhbərliyinə, Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib. Diplomat özbək xalqını çox sevdiyini, qardaş ölkədən ən xoş təəssüratlarla ayrılacağını, Özbəkistandakı diplomatik fəaliyyətindən qürur hissi keçirdiyini deyib. 

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.