Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin rəhbər heyəti ilə Rusiyanın Sankt-Peterburq Turizm və Qonaqpərvərlik üzrə Beynəlxalq Kompetensiya Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.

Bu barədə ATMU-dan bildirilib. Görüşdə ATMU-nun rektoru İlham Mədətov Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlərində, o cümlədən təhsil və turizm sahələrində inkişaf etdiyini diqqətə çatdırıb. Rektor turizm təhsili verən ali məktəblər arasında ölkə miqyasında ilk dəfə beynəlxalq ikili diplom proqramını həyata keçirən ATMU-da təhsil sistemindən, mövcud fakültələr və beynəlxalq əlaqələrin dinamik inkişafı məsələlərindən ətraflı bəhs edib.

Qonaqlar yaxın gələcəkdə iki qurum arasında mümkün əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə əmin olduqlarını ifadə ediblər.