Aprelin 19-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan "Ümid nəğməsi" adlı tamaşanın premyerası keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edirlər.

Autizm xəstəsi olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətləri fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşada insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliverici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edilir. Bu nəğmənin sədası isə zəlzələ zamanı dağıntılar altında qalan ailənin xilasına çevrilə bilər...

Qeyd edək ki, tamaşa Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək "Uşaqlar XXI əsrdə" I Beynəlxalq Uşaq Teatrları Festivalı üçün hazırlanıb.