Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda akademiyanın prezidenti akademik İsa Həbibbəylinin “AMEA-da çoxcildli nəşrlər: mövcud ənənə və müasirlik” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, AMEA-da həyata keçirilən islahatlar sırasında elmin informasiya təminatının gücləndirilməsi, bu məqsədlə elmi nəşr işinin məzmun və poliqrafik baxımdan müasir tələblər səviyyəsinə yüksəldilməsi əsas istiqamətlərdən birini təşkil edir. Digər tərəfdən, hər bir elmi nəşr onu hazırlayan elmi müəssisənin hesabatıdır və həmin müəssisənin kadr potensialını, elmi tədqiqatlarının səviyyəsini əks etdirir.

Vurğulanıb ki, AMEA-nın elmi müəssisələrində ölkənin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji tələblərinə və müasir dünyanın çağırışlarına uyğun olaraq hazırlanmış çoxcildli nəşrlər istər elmin informasiya təminatının gücləndirilməsi, istərsə də elmin populyarlaşdırılması baxımından da əhəmiyyətlidir. Elmi müəssisələrdə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, yeni dövrləşdirilmə konsepsiyası əsasında Azərbaycan ədəbiyyatı tarixinin yazılması və müstəqillik dövrü Azərbaycan tarixinin hazırlanması, azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, humanitar elmin müxtəlif sahələr, o cümlədən şərqşünaslıq və qafqazşünaslıq sahəsində tədqiqatların aparılması ilə bağlı çoxcildli nəşrlərin hazırlanması prioritet istiqamətlər olaraq müəyyənləşdirilib.

Məruzə ətrafında müzakirələr aparılıb. AMEA, akademiyanın elmi bölmələri, elmi müəssisə və təşkilatları adından çoxcildli elmi və elmi-populyar nəşrlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərarlar qəbul olunub.

İclasda bir sıra elmi-təşkilati məsələlər də müzakirə edilib.

“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının 2024-cü il 25 yanvar tarixli sərəncamının icrası ilə əlaqədar “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” və “Məhəmməd Füzuli və Türk dünyası” mövzularında beynəlxalq elmi konfransların keçirilməsi haqqında qərarlar qəbul edilib. Akademik Şirəli Məmmədovun 120 illik yubileyi, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Elmi şurasının yeni tərkibinin təsdiq edilməsi və digər məsələlərə dair qərarlar da verilib.