Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Azərbaycan muğamı” adlı yeni layihəsi çərçivəsində tar ifaçılıq sənəti ilə bağlı ustad dərsləri davam edir. Tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov tərəfindən aparılan növbəti dərs “Nəva” muğamına həsr olunub.

“Nəva” muğamını ifa edən ustad tarzən iştirakçılara bu haqda məlumat verib. Diqqətə çatdırıb ki, “Nəva” instrumental ifadan əlavə xanəndə ifaçılığında özünəməxsusluğu ilə seçilir. “Nəva”nın xarakterinə görə, onu gənc nəsil deyil, əsasən, yaşlı xanəndələr ifa etməlidir. Bu muğam ifaçıdan öz üzərində mütəmadi işləmək, axtarış aparmağı tələb edir. Qeyd olunub ki, “Nəva”nı vaxtilə görkəmli sənətkarlar Əhməd Bakıxanov və Bəhram Mansurov ifa ediblər. Hazırda Vamiq Məmmədəliyev və Səbuhi Cəfərov bu muğamın mahir ifaçıları kimi tanınırlar.

“Nəva”nın özünəməxsusluğundan danışan E.Müzəffərov qeyd edib ki, bu muğam bir neçə muğamın birləşməsindən yaranıb. Buraya “Dəşti”, “Bayatı-kürd” muğamları da daxildir və deyilənlərə görə, “Nəva” muğamı “Şur” dəsgahından da qədim tarixə malikdir.

Dərs zamanı “Nəva”nın şöbələri, şöbələr arasında keçidlər və əlavə tonlarla bağlı müzakirələr aparıldı, suallar cavablandırıldı.

Qeyd edək ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, ustad-şagird ənənələrinin qorunmasına dəstək olmaqdır. İl ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində tar ifaçılıq sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Ustad dərslərində iştirak sərbəstdir və maraqlanan hər kəs iştirak edə bilər.

Lalə