Bülbülün Memorial Muzeyində Şövkət Ələkbərova adına 20 saylı onbirillik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar Asəf Zeynallının 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Muzeyin direktoru Fərqanə Cabbarova çıxış edərək Asəf Zeynallının nakam ömründən və zəngin yaradıcılığından, böyük müğənni Bülbüllə dostluğundan söhbət açıb. O, A.Zeynallının 1932-ci ildə Bülbülün yaratdığı Elmi-Tədqiqat Musiqi Kabinetindəki fəaliyyətindən də bəhs edib.

Tədbirdə bəstəkarın qohumlarından Elşanə Ağasıyeva musiqiçinin həyatından, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı isə onun yaradıcılığından danışıb.

Məktəbin şagirdləri bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Konsertdə "Ölkəm" romansı, "Səndən mənə yar olmaz" xalq mahnısı, "Kuklaların yürüşü", "Rəqs", "Çahargah", "Muğamsayağı" əsərləri səsləndirilib.