Aprelin 4-də Heydər Əliyev Sarayında Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunmuş “Zəfərin 4 anı” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Ədəbi-bədii gecədə şəhid ailələri və qazilərlə yanaşı, bir sıra dövlət və özəl qurumların rəhbərləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək deyib ki, başlanğıcını səkkizinci ildönümünü qeyd etdiyimiz Aprel döyüşlərindən götürən Azərbaycanın Zəfər tarixi ötən il Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası ilə yekunlaşdı: “Öz doğmalarını itirən şəhid ailələri bununla təskinlik tapdılar, yaraları qaysaq bağlamağa başladı. Lakin bununla iş bitmir, hər birimiz bu yolda şirin canını fəda edən qəhrəmanların irsini gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni əsirgəməməliyik. Hazırda təşkilat olaraq ən böyük məqsədimiz gənclərə əsl qəhrəmanları tanıtmaqdır. Yetişən nəsillər düzgün tərbiyə alaraq şəhidlərin canları, qanları ilə əmanət etdikləri Vətən torpaqlarının keşiyində durmalı, ayıq-sayıqlığı itirməməlidirlər".

Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi, kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxışında Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər pilləkənlərinin təməl daşı olduğunu qeyd edib: "Həmin bünövrə daşı o qədər möhkəm qoyuldu ki, 44 gündə pillə-pillə Şuşaya çatdıq. Sonuncu pilləni isə bir gün ərzində Xankəndiyə qalxaraq tamamladıq. 4 günə Lələtəpəni, 44 günə Şuşanı, 24 saat ərzində isə Xankəndini fəth etdik. Bir ana kimi bu yolda iki oğlumu qurban vermişəm. Övladlarımı itirməyin ağrı-acısını yaşasam da, oğullarımın qanı olan torpaqlarımızın düşmən tapdağından qurtulmasına sevinirəm".

"Böyük Qayıdış" Gənclər Təşkilatı idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev deyib: “İndi biz əzəli torpaqlarımıza Böyük Qayıdış dövrünü yaşayırıq. Lakin Böyük Qayıdış təkcə Qarabağa qayıdış deyil, milli birliyimizə, milli kimliyimizə qayıdışımızdır. Hər birimiz bu Vətənin övladı olaraq Qarabağdakı quruculuq işlərinə töhfə verməliyik. Ən əsası o torpaqlara yenidən ayaq basmamıza vəsilə olan cəsur döyüşçülərimizin şərəfli həyat və döyüş yolunu gələcək nəsillərə aşılamalıyıq”.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tanınmış incəsənət ustalarının və yaradıcı gənclərin təqdimatında "Zəfərin 4 anı" adlı kompozisiya nümayiş olunub.
Kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, ssenari müəllifi şair, yazıçı, kinodramaturq İlqar Fəhmidir. Səhnə işində son onilliklərdə Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlar, I Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən Müharibəsi və antiterror əməliyyatlarını əhatə edən vacib hadisələr bədii, musiqili və teatral formada tamaşaçılara təqdim edilib.