Lənkəran Dövlət Dram Teatrında yazıçı Cavid Zeynallının “Tanrı quşu gəlmədi” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Səhnə işinin quruluşçu rejissoru Anar Babalı, rejissoru Günay Səlimsoy, bəstəkarı Aydan Əliyeva, rəssamı Nərgiz Baxşızadə, rejissor assistenti Nuranə Novruzovadır.

Rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Səyad Əliyev, Gülər Kərimova, Saleh Əzimzadə, Elçin Hacı və İmaməli Əskərov ifa edəcəklər.

Keçmiş günahlarının əzabını çəkən 80 yaşlı Süleyman Əfəndiyevin faciəsi haqqındakı əsər sadə insanların iztirablarına baxış sərgiləyir. Süleyman doğulduğu kəndə qayıtmaqla, əslində, ömrü boyu üst-üstə yığılmış günahlarının görüşünə tələsir. Çünki onun günahları ucbatından ailə üzvləri əziyyət çəkir... Deyir ki, mənim orda doğulduğum ev var, xatirələrim var, atamın-anamın məzarı, Tanrı quşum var. Süleyman inanır ki, uşaq vaxtı onun başının üstündə uçan ağ quş onu qoruyan Tanrı quşudur, indi onun yolunu gözləyir...

“Taledən qaçış yoxdur” mesajı verilən səhnə əsəri mövsümün sonunadək teatrsevərlərə təqdim olunacaq.

Teatrda paralel olaraq dramaturq Rəhman Əlizadənin “Günah” pyesi əsasında tamaşanın məşqləri gedir. Eyniadlı səhnə əsərinə də teatrın baş rejissoru Anar Babalı quruluş verir.

Tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Allahverən Babayev, Qızılgül Quliyeva, Buludxan Buludov, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Emin Fərzullayev, Səyad Əliyev, Vəfa Hacızadə və Saleh Əzimzadə oynayacaqlar.