Qazax Dövlət Dram Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb.

Türkiyəli müəllif Turqut Özakmanın “Adət” dramına Əməkdar artist Xəzər Gəncəli quruluş verəcək.

Keçmişin qalığı olan qan davası və məişət çəkişmələrinin diqqət mərkəzinə çəkildiyi səhnə əsərinin bədii tərtibatını Səyyat Məmmədov, musiqi tərtibatını isə Vahid Bayramov verəcək.

Səhnə işində rolları Səyalı İsmayılova, Aydın Orucov, Minayə İbrahimova, Nazilə Məmmədova, Aytac Cəfərova, Xaqan Qurbanov və başqaları ifa edirlər.

Əsər iki ailə arasında uzun illər boyu davam edən qan davasının törətdiyi amansız hadisələrin acı nəticələrindən və bu qanlı intiqam hissindən qurtula bilməyən insanları necə bir aqibət gözlədiyini gözlər önünə sərir... Budur, iki ailə arasında qan davasına son qoyulması və tərəflərin barışığa, sülhə gəlməsi üçün ümid işığı yanmağa başlayır. Təbii ki, bu da sevgi sayəsində mümkün olur...