“Şahnaz təsnifi”, “Səni qəmli görəndə”, “Sən də həmdəm, mən də həmdəm”, “Xatırla məni”, “Qarabağ”, “Bəxtəvər gəlin”, “Naçar gedər”, “Var gülüşündə”, “Saf eşqim”, “Qal, sənə qurban”, “Eşqimin baharı”, “Ay dəli ceyran”...

Qəlbimizdə xoş hisslər oyadan bu mahnıların adını çəkmək kifayətdir ki, söhbətin kimdən getdiyi aydın olsun. Təkcə bunlarmı? Yaşadığı dövrdə bəstələri “xalq mahnısı”, təsnif adı ilə təqdim olunan istedadlı bəstəkar Bəhram Nəsibov (1942–1998) el arasında sevilən, dillərdə dolaşan, məclislərdə səslənən 200-dək mahnının, eyni zamanda çoxlu şeir, qəzəl və bəhri-təvilin müəllifi, istedadlı gitara ifaçısı idi.

Bu barədə Azərbaycan Dövlət Filarmoniyasında mərhum bəstəkar Bəhram Nəsibovun yaradıcılığına həsr olunan gecədə danışılıb.

Əvvəlcə bəstəkarın dünyaya göz açdığı Füzuli rayonunda Ərgünəş dağının ətəklərindən, Qozluçayın sahillərindən başlanan həyat yolundan söhbət açılıb, hər notundan doğma yerlərin ətri, nəfəsi gələn tükənməz ilhamla bəstələdiyi mahnılar xatırlanıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bəstəkarın zamanında layiqincə qiymətləndirilməyən parlaq istedadından, onun könül oxşayan mahnılarından danışıb: “Zamanında dəyər verilməyən, öz qiymətini almayan sənətkarlar həmişə olub. Təəssüf ki, bu, Bəhram Nəsibovun da taleyinə düşüb. Lakin uzun illərdən bəri təkrar-təkrar oxunaraq yaddaşlara köçən mahnıları, ruhumuzu oxşayan nəğmələri nəinki öz müəllifini unudulmağa qoymadı, əksinə, müğənni və ifaçıların repertuarında özünə daimi yer tutdu, melomanları və sənətsevərləri həmin musiqilərin qanadında yaşatdı. Xüsusilə onu qeyd etməyə dəyər ki, bəstəkarın yazdığı əsərlərdə Qarabağ ruhu, Qarabağ nəfəsi açıqca hiss olunur. Bəlkə də həmin mahnıların sevilməyinin başlıca səbəbi xalqın ruhundan süzülməyi, həzin və ürəyəyatımlı olmağıdır”.

Gecədə bəstəkarın qələmindən çıxan mahnıları Əməkdar artistlər Nuriyyə Hüseynova, Almaz Orucova, Sevinc Sarıyeva, Vəfa Vəzirova, Hüseyn Məlikov, Ehtiram Hüseynov, Günay İmanverdiyeva, Rəvanə Qurbanova və başqaları ifa ediblər.

Konserti F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti müşayiət edib. Ansamblın bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev, musiqi rəhbəri Mahir İbrahimovdur (Ordubadi).

Yaradıcılıq gecəsi bəstəkarın son illərin trend musiqisinə çevrilən “Qarabağ” mahnısının tədbirdə iştirak edən bütün müğənnilərin birgə ifası ilə başa çatıb.